Həbsdəki bankir ondan tələb olunan 42 milyon əvəzinə 80 milyon ödədiyini açıqladı; pulların yoxa çıxdığına işarə verdi... Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev vəkili Əfqan Məmmədov vasitəsilə çox ciddi açıqlamalar verib.
C.Hacıyevin vəkilinin açıqladığı məlumatlara diqqət edək. Ə.Məmmədov AzadlıqRadiosuna deyib ki, C.Hacıyev 42 milyon manat mənimsəməkdə ittiham olunub. Bu vəsait bankın səhmlərini almaqdan ötrü istifadə olunub və ondan bu ziyanı ödəməyi tələb ediblər. Bununla əlaqədar C.Hacıyev Beynəlxalq Bankın 80 milyon manat məbləğində səhmlərini qaytarıb: “Həm də bu, təkcə onun deyil, ailə üzvlərinin və digər qohumlarının da səhmləri idi. Qaytarılmış səhmlərin məbləği ona qarşı irəli sürülmüş iddialardan 2 dəfə çoxdur. İstintaqla razılaşmaya əsasən, səhmlər qaytarıldıqdan sonra Hacıyevə qarşı iddialar ləğv edilməli idi, amma belə bir şey baş verməyib”.
Əfqan Məmmədov bildirib ki, müvəkkilindən alınan 42 milyondan çox olan səhm hesabına bəzi şəxslərin kredit borclarını ödəyib. Qalan səhmlərin harada olduğu məlum deyil. C.Hacıyevin ittiham olunduğu 308-ci (mənimsəmə) maddəyə gəlincə isə vəkil deyib ki, burada ittiham Beynəlxalq Bankın kreditlərinin fiziki şəxslərə verilməsi üzərində qurulub. Lakin C.Hacıyev bu ittihama etiraz edir. Bildirir ki, kreditləri şəxsən o deyil, bankın filialları verib. Vəsait ayrılması məsələsini Kredit Komitəsi həll edib: “Müştərim niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi və ondan tələb olunan hər şeyi yerinə yetirib. Bunu etdikdə isə onu həbs ediblər. Onu 42 milyon mənimsəməkdə ittiham edirdilərsə, o da 80 milyon qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim-kimin vəsaitini mənimsəyib?”
Ə.Məmmədovun sözlərinə görə, Cahangir Hacıyev vəsait qaytarıldıqdan sonra ona qarşı bu qədər sərt münasibəti“başa düşmədiyini” də açıqlayıb. Deyib ki, müvəkkili saxlanıldıqdan sonra onu DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində 38 gün təcrid vəziyyətdə saxlayıblar. Heç kimlə hər hansı əlaqə yaratmasına icazə verilməyib. Vəkilin sözlərindən bəlli olub ki, istintaq zamanı C.Hacıyev Beynəlxalq Bankdan kredit alan şəxslərin konkret adlarını açıqlayıb. Lakin həmin şəxslərdən heç kim istintaqa çağırılmayıb. Vəkil bildirib ki, mənimsəmədən söhbət gedə bilməz. Sui-istifadə haqda danışmağa da əsas yoxdur. “Bu, cinayət işi deyil, sırf mülki işdir və bu rakursda baxılmalıdır. Cinayət xarakterli əməl yoxdur” deyə, vəkil qeyd edib. Ə.Məmmədov əlavə edib ki, C.Hacıyevin bəzi qohumlarının da hüquqları pozulur, onların xaricə getməsi qadağan olunub.
“Cahangirin günahı nədədir?”
C.Hacıyevin bacısı da qardaşının günahsız olduğunu söyləməklə Maliyyə Nazirliyini hədəf götürüb.
Əminə Hacıyevanın "Azadlıq" qəzetinə göndərdiyi müraciətdə deyilir: “Qondarma ”oliqarxların" istintaq işi sona çatmaq üzrədir. Maliyyə Nazirliyinin qabaqcadan düşünülmüş çoxsaylı auditor yoxlamaları pul vəsaitləri ilə əlaqəsi olan faktlar aşkar edə bilmədi. ABB-dən götürülən kreditlər təyinatı üzrə istifadə olunub. Heç kim heç nə oğurlamayıb. Bəs nə üçün bu müəssisələrin direktorları bütün ili həbsdə yatmalıdırlar? Maliyyə Nazirliyinin təşəbbüsü ilə bütün bu işgüzar və dövlətə mənfəət gətirən müəssisələrin fəaliyyəti dayandırılıb. İş yerləri tam bağlanıb. Nəinki direktor, eləcə də orada işləyən işçilər də zərər çəkib. Bunu bir təxribat kimi qələmə vermək olar. Belə bir sual ortaya çıxır - Maliyyə Nazirliyi nə məqsəd güdürdü? Heç kim üçün sirr deyil ki, çoxsaylı kreditlərin verilməsi bir adamın işi deyil. Verilən kreditlər uzun bir yol keçir: kredit komitəsi, Mərkəzi Bank və sonda Maliyyə Nazirliyinin Müşahidə Şurası. Axı Cahangir bu idarələrin yanından ötməklə necə özbaşına kredit verə bilərdi? Maliyyə Nazirliyi hara baxırdı? Əgər kreditlərin verilməsi cinayətdirsə, onda buna görə yalnız bir adamı günahlandırmaq ədalətlidirmi?
İstənilən savadlı insan bilir ki, bankların əsas fəaliyyəti kredit verməkdən ibarətdir. Bu halda həm də kreditlər problemli hesab olunmurdular. Onda bəs Cahangirin günahı nədir? Axı bütün bu zavod və müəssisələr Azərbaycan torpağında qalacaq. Bundan başqa, bilmək istərdim ki, mənim xaricə çıxışıma icazə verməmək əmrini kim verib? Nə üçün mən Azərbaycan hüdudlarından kənara çıxa bilmirəm? Yalnız buna görə ki, Cahangir Hacıyevin bacısıyam? Nə üçün mənə anamızın vəfatından sonra üzərinə həbs qoyulan əmlak üzrə vərəsəlik hüququmdan istifadə imkanı verilmir? Ailəmizin heç bir sənədini təsdiq etməmək kimi məxfi əmri “ASAN Xidmət”ə kim verib? Hansı haqla ABB 2015-ci ilin iyul ayında ailəmizə məxsus səhmlərin alqı-satqısı üzrə sövdələşməni həyata keçirərək, bizə bir qəpik də verməyib? Belə çıxır ki, bankın rəhbərliyi bizim vəsaitləri qanunsuz şəkildə mənimsəyib. Bütün bunlara kim cavabdehlik daşımalıdır? Nə üçün bir çox ölkələrdə savadlı maliyyəçi və bankir kimi tanınan Cahangir, bir qrup insanın fitnəsi ucbatından həbsdə yatmalıdır? Axı o azadlıqda olsaydı, dövlətimizə daha çox xeyir verə bilərdi. Əminəm ki, hörmətli prezidentimiz bütün bunları araşdıracaq və ədalətli qərar çıxaracaq".
Yada salaq ki, C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 2 maddəsi - 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?