Özünü “Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri kimi təqdim edən Jirayr Səfilyan adlı erməni “hərbi ekspert”in aprelin əvvəlində erməni təxribatının nəticəsi olaraq baş vermiş döyüşlər barədə açıqlamasına hərbi icmalçı Ramil Məmmədli münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, Ramil Məmmədli bildirib ki, Jirayr Səfilyan adlı erməni “hərbi ekspert” hər gün bir-birinə zidd olan və özünün fikirlərini belə təkzib edən açıqlamalar verməklə mətbuatın gündəmində qalmağa çalışır:
"Niyə də etməsin. Çünki erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun aprelin əvvəllərində həyata keçirdiyi əks-zərbə əməliyyatlarının erməni hərbi sisteminin iflasına səbəb olması və bu mövzuda açıqlamaların yayımlanması bu gün İrəvanda ən “modda” olan işdir. Məsələ o həddə çatıb ki, yalançı “patriotizm”, “qüdrətli arçax ordusu” və “qəhrəman erməni əsgəri mövzusunda” erməni jurnalistlər az qalırlar avtobus sürücülərindən və kommunal xidmət işçilərindən də açıqlamalar alsınlar. Ermənilər uğursuzluqlarını ört-basdır etmək üçün hər yola əl atırlar".
Hərbi icmalçının sözlərinə görə, amma erməni “hərbi ekspert” Səfilyanın açıqlaması daha çox diqqət çəkənlərdən biri oldu: "Ona görə diqqət çəkir ki, bu adamın yazdıqlarını oxuyanda belə təsəvvür yaranır ki, onun nə münaqişədən, nə münaqişə gedən rayonlardan, nə də ermənilərin işğal elədiyi ərazilərdə baş verənlərdən cüzi belə anlayışı yoxdur. Bir də ona görə ki, bu adamın riyazi anlayışı da sıfır səviyyədədir. O, özü yazdıqlarını oxusa belə yəqin təəccüblənəcək. Amma ermənilərin nə tip olduğunu bildiyimizdən erməni “hərbi ekspert” Səfilyanda nəsə müsbət bir keyfiyyət axtarmaq daha təəccüblü olardı".
R.Məmmədli hesab edir ki, bir neçə məqamda Səfilyan haqlıdır - ermənilər bütün gücünü, arsenalını və insan ehtiyatlarını səfərbər etsələr belə onların məhv olması, iflasa uğraması qaçılmazdır.
"Başqa yolları yoxdur - yalnız Azərbaycan torpaqlarını tərk etmək və işğala son qoymaq. Ermənilər bu aprel hadisələrini təhlil edərkən bircə şeyi başa düşmək istəmirlər ki, bu əməliyyatlarda məqsəd nə qədərsə də irəli getmək deyildi. Ordumuz qarşısına qoyulan tapşırığı uğurla yerinə yetirdi. Sadəcə ermənilərə göstərmək istəyirdik ki, oyanın, başa düşün, görün sizi nə gözləyir. Səfilyan açıqlamasında düz deyir ki, aprelin əvvəllərində Azərbaycanın atdığı bu addım başlanğıc idi. Əgər Ermənistanın kriminal hərbi-siyasi rejimi həqiqətən az da olsa xalqını düşünürsə nəticə çıxarmalıdır. Əks halda yenidən Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda döyüşə başlasa onda nəticəsi ermənilər üçün acınacaqlı və ağlasığmayacaq dərəcədə sarsıdıcı olacaqdır", - hərbi icmalçı deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?