Aprelin əvvəllərində baş verən “dördgünlük müharibə”dən sonra başda Rusiya olmaqla, həmsədr dövlətlər, eləcə də beynalxalq təşkilatlar Qarabağda atəşkəsin dayandırılmasına çağırış etdilər. Bu yöndə səslənən çağırış və bəyanatlarda tərəflərin münaqişəni danışıqlar yolu ilə həll etməsinin vacibliyi xüsusi vurğulanırdı. Beləliklə, təqribən biraydan sonra tərəflər danışıqlar masası arxasına keçmək ərəfəsindədir. Belə ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib. O deyib ki, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir: “Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.
M. Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.
Beləliklə, İlham Əliyev və Serj Sərkisyan arasında görüşə Lavrov və Kerri ilə yanşı Fransanın xarici işlər naziri Jan-Mark Ero da qatılacaq.
Həmsədr dövlətlərin, xüsusən də Rusiyanın münaqişənin həlli ilə bağlı mövqeyi aydınır. Belə ki, az öncə Lavrov İrəvanda olarkən ölkəsinin bu məsələdə nəyə can atdığını açıqladı: "Moskva Dağlıq Qarabağda atəşkəs haqqında 1994-cü və 1995-ci illərdə bağlanmış sazişlərə ciddi şəkildə riayət olunmasının tərəfdarıdır.
Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansı dövrün olduğunu başa düşürük. Rusiya və şəxsən prezident Vladimir Putin atəşin dayandırılması üçün səy göstərdi. İndi əsas məsələ atəşkəs haqqında razılaşmaya ciddi riayət olunmasıdır".
Lavrovun sözlərinə görə, Minsk qrupunun xətti ilə əldə edilmiş gərginliyin azaldılması, etimad və snayperlərə aid razılaşmanı sona çatdırmaq lazımdır: "Siyasi həll məsələsinə gəlincə isə biz hər şey etməyə hazırıq".
Beləliklə, Rusiya tərəfi hesab edir ki, münaqişə tərəfləri hərbi risklərin azaldılması üzrə işi aktivləşdirməlidir. Başqa sözlə, Rusiya status-kvonun qorunub saxlanmasının tərəfdarıdır. Digər halda isə Rusiya Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasının, bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsinin, daha sonar referendum yolu ilə Qarabağın statusunun müəyyənləşdirilməsinin tərəfdarıdır ki, bu da Azərbaycanın maraqlarına cavab vermir.
İndisə gəlin, görək tərəflər danışıqlar stolu arxasında hansı üstünlüklərə malikdir? İndiki mərhələdə münaqişə tərəflərindən hansı güclüdür.
Qeyd edək ki, aprelin 2-də Ermənistan-Azərbaycan qoşunların təmas xəttində erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasına cavab olaraq, Azərbaycanın Hərbi Qüvvələri geniş əks-hücuma keçdi və nəticədə işğal altında olan bir sıra ərazilər azad olundu. Aprelin 5-də tərəflər arasında atəşkəs elan olundu və danışıqlara start verildi.
Dörd günlük müharibə Azərbaycan ordusunun düşmən qarşısında üstünlüyünü göstərdi və məhz hərbi qüvvələrimizin gücü hesabına nəzərəçarpacaq irəliləyişlər əldə olundu. Azərbaycanın zəfəri həm də onu sübut etdi ki, ölkəmiz istənilən vaxt torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır və buna mane olan əsas amil düşmən ölkənin hərbi gücü deyil, digər dövlətlərin mümkün müdaxiləsidir.
Maraqlıdır ki, dörd günlük müharibə ərzində Ermənistanın gözləntilərinin əksinə olaraq, nə Qərb, nə Rusiya, nə də İran Azərbaycana qarşı sərt təpki göstərmədilər. Doğrudur, Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil və artıq müqayisə olunmaz səviyyədə güclənib. Lakin güc faktoru belə hallarda heç də həlledici rola malik deyil. Bunu Ukrayna, Suriya, Yəmən, İsrail-Fələstin münaqişələrinin misalında da aydın görmək olar.
Yeri gəlmişkən qeyd edək ki, döyüş günlərində Ermənistan tərəfi üçün də, xarici qüvvələrin müdaxilə etməməsi gözlənilməz idi və Yerevan hər vəchlə əllərində olan vasitələrlə regional qüvvələrin - əsasən isə, İran və Rusiyanın münaqişəyə müdaxilə etməsinə çalışırdı. Məsələn, İran ərazisinə iki dəfə erməni hərbi birləşmələri tərəfindən “təsadüfən” raketin atılması Tehranın qıcıqlanması və məsələyə qarışmasına hesablanmışdı. Yaxud, erməni kütləvi informasiya vasitələrinin Türkiyənin proseslərə müdaxilə etməsini, prezident Ərdoğanın münaqişəni qızışdırmaqda maraqlı olmasını vurğulamaları, əslində Azərbaycanın hücumunu məlum Rusiya-Türkiyə münaqişəsinin davamı kimi təqdim etmək, bununla da Moskvanın hansısa müdaxiləsinə nail olmaq niyyəti daşıyırdı.
Münaqişənin alovlandığı ilk günlərdən etibarən Ermənistan xarici işlər nazirliyinin aktiv fəaliyyətə keçməsi, Qərb dövlətlərinin yerli nümayəndələri ilə danışıqları intensivləşdirməsi və prezident Sarkisyanın xarici ölkə səfirləri qarşısında çıxışı da onu göstərir ki, ermənilər işğal etdikləri torpaqları əllində saxlamaq üçün hərbi qüvvələrindən daha çox, xarici dövlətlərin müdaxiləsinə güvənirdilər.
Lakin bu, baş vermədi . Əsəs səbəb isə, uyğun geosiyasi vəziyyətin seçilməsi və uğurlu tarixi anın yaxalanması idi. Bu tarixi vəziyyətin formalaşması obyektiv səbəblərlə bağlı olsa da, Azərbaycanın müxtəlif üsullarla geosiyasi mövqeyini gücləndirməsi, həm regional, həm də beynəlxalq təsir dairəsinin genişlənməsi də həlledici əhəmiyyətə malik idi.
Ermənistanın ənənəvi dəstəkçisi olmuş İrandan gözlədiyi effekti ala bilməməsinin əsas səbəbi Tehranın yenicə sanksiyalardan qurtulması və iqtisadiyyatını bərpa etmək üçün gəlir mənbələri axtarması ilə bağlıdır. Azərbaycanla konfrontasiya Türkiyə ilə münasibətlərin korlanması və nəticədə İranın əsas regional enerji layihələrindən kənara düşməsi anlamına gəlir. Burada söhbət İran qazının TANAP vasitəsilə ixracından, İranın Azərbaycan vasitəsilə Rusiya bazarına çıxma imkanlarından gedir.
Təbii ki, praqmatik prezident Həsən Ruhani Amerikanın da dəstək verdiyi bu layihələrdən imtina edib, Ermənistanla işbirliyinə girəcək deyil. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Amerikaya səfəri zamanı dövlət katibi Con Kerrinin çox qısa giriş nitqində imkan tapıb, Vaşinqtonun Cənub qaz dəhlizini dəstəklədiyini bildirməsi Qərbin bu layihəyə verdiyi əhəmiyyəti çılpaqlığı ilə ortaya qoyur. Qaldı ki, Ermənistanın onsuz da İrandan başqa əməkdaşlıq edəcəyi qonşusunun olmaması Tehranın Yerevanı əlində saxlamaq üçün əlavə səs göstərməsi ehtiyacını aradan qaldırır.
Amerika siyasətində isə hazırda müəyyən qeyri-aktiv dövr başlayıb. Bu, əsasən Obamanın prezidentlik müddətinin başa çatması, əsas maraqlı qüvvələrin gələcək seçki kampaniyası ilə bağlı hazırlıqlara diqqət ayırmaları, eyni zamanda, ictimai diqqətin xarici məsələlərdən daha çox daxildəki seçki kampaniyalarına yönəlməsi müvəqqəti siyasi qeyri-müəyyənliyin hökm sürməsinə şərait yaradır.
Maraqlıdır ki, İlham Əliyev Amerika səfəri zamanı digər şəxslərlə yanaşı, ölkənin əsas strateji beyin mərkəzlərinin rəhbərləri Riçard Armitac və Karneqi Fondunun prezidenti Uilyam Berns ilə görüşdü. Eyni zamanda, Respublikaçılar Partiyasının ən təsirli fiquru və strateqi hesab olunan Con Sununu ilə danışıqlar apardı. Adıçəkilən şəxslər aralıq dövr və Obamadan sonrakı prezidentin strategiyası barədə gerçəyə ən yaxın olan proqnoz vermək iqtidarındadırlar. Başqa sözlə desək, bu danışıqlar ABŞ rəhbərliyinin bu və ya digər məsələdə hansı mövqe sərgiləyəcəyi ilə bağlı aydınlıq gətirirlməsi üçün ən ideal vasitə sayıla bilər.
Beləliklə, hakimiyyətdən getməyə hazırlaşan Obama komandasının uzunmüddətli xarici-siyasi kampaniyalara girişmək istəməməsi və bunları növbəti prezidentə saxlaması, həmçinin Vaşinqtonun strateji gözləntilərilə bağlı müəyyən aydınlıqların əldə olunması Azərbaycan üçün vaxt qazandıran amil hesab edilə bilər.
Ancaq bununla belə ABŞ-Ruiya arasındakı ziddiyətlər də nəzərdən qaçırılmamlıdır. Xüsusən də son dövrlər ABŞ-ın Rusiyaya təzyiqləri artıdığı diqqətdən yayınmır. Rusiyaya sərhəd ölkələrdə - Ukraynada, Gürcüstanda, Moldovada və Pribaltika ölkələrində NATO təlimləri də buna misal göstərilə bilər. Bütün bunlar isə Rusiyada qıcıq doğurur.
Ancaq həm Gürcüstan, həm Moldova, həm də Ukrayna öz gələcəklərini NATO sıralarında gördüklərini birmənalı şəkildə bəyan ediblər. Bunun üçün lazımı siyasi addımlar atırlar.
Rusiyaya gəldikdə isə, Moskva ilə Ankaranın müharibə vəziyyətində olması Bakının Kreml üçün əhəmiyyətini artırır. Birincisi ona görə ki, Azərbaycan xaricdən, əsasən isə İrandan ərzaq mallarının Rusiyaya daşındığı strateji dəhliz rolunu oynayır. Bu dəhlizin bağlanması Rusiyanı daha açınacaqlı vəziyyətə sala bilər.
Digər tərəfdən, Rusiyanın hansısa formada Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməsi Türkiyənin avtomatik münaqişə ortağına çevrilməsinə səbəb ola bilər. Üstəgəl, Pakistanın da köməyə gələcəyi istisna edilməməlidir ki, nəticə etibarı ilə, iqtisadi cəhətdən ağır vəziyyətdə olan Moskva növbəti müharibəyə qoşulmalı olacaq.
Türkiyənin qoşulması NATO-un müdaxiləsinə əsas yaradacaq və nəticədə Avroatlantik alyans Rusiyanın sərhədində qoşun yeritməyə bəhanə tapacaq. Beləliklə, şimallı cənublu Qafqaz regionunda qarşıdurma yaranacaq. Bunun Rusiya üçün hansı fəsadlar gətirəcəyini Kreml də gözəl anlayır.
Bununla bərabər, sentyabr ayında Rusiyada parlament seçkilərini keçiriləcəyini nəzərə alsaq, Moskvanın bu dövrdə Qafqazda gərginliyə yol verməsi müharibələrdən
cana doymuş elektoratın narazılığının daha da artmasına səbəb olacaq. Odur ki, Rusiya Azərbaycanın nəhayət ki, haqq səsini ucaltmasına əvvəlkindən fərqli olaraq dözümlülüklə yanaşmağa məcburdur.
Odur ki, Rusiya üçün hazırkı məqamda Azərbaycanla daha yaxın münasibətdə olması öz maraqları baxımından məqsədəuyğundur. Lakin bununla belə, Moskva Ermənistanı da orbitindən buraxa bilməz. Kreml bilir ki, Ermənistanın sədaqəti heç də təmənnasız deyil və öz maraqlarının təminatı üzərində qurulub.
Qeyd olunanları nəzərə alaraq, belə bir ehtimal irəli sürmək olar ki, Azərbaycanın hərbi əməliyyatları Rusiya ilə əvvəlcədən razılaşdırılıb və əsas məqsəd Ermənistandan ən azı beş rayonu almaqdır.
Ermənistan isə bu dəfə danışıqlara məğlub durumda qatılmaq məcburiyyətindədir ki, bunu erməni siyasətçiləri özləri də gizlətmir. Ermənistanın sabiq baş naziri, "Azadlıq" Partiyasının sədri, Erməni Milli Konqresinin parlament fraksiyasının liderlərindən biri Hrant Baqratyan bildirib ki, Azərbaycan genişmiqyaslı müharibəyə başlasa, baxmayacaq ki, biz qarabağlı ermənilərin müstəqilliyini tanımışıq, ya yox: “Hərbi əməliyyatların nəticələrini Ermənistan üçün uğurlu saymıram. Əksinə, Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyi də bərbad işlədiklərini göstərdilər. Çox pis vəziyyətdəyik".
Baqratyan Ermənistan rəhbərliyini məğlubiyyətə görə ittiham edib: “Bizim rəhbərlər kordur, Azərbaycan bizi əzdi. Hakimiyyətimizin zəifliyi və bivecliyi sayəsində başqa çıxış yolumuz qalmayıb. Rusiya Azərbaycanla münasibətlərdə bizi heç vecinə də almır. Rusiya bizi növbəti dəfə aşağılamaq, əzmək üçün yeni yol tapacaq. Rusiyanın "Ermənistan vetosu" problemini həll etmək üçün ən azı 10-15 çıxış yolu var. Nə etsək də, mənası yoxdur. Ermənistan hakimiyyəti indi elə bir vəziyyətdədir ki, nə Qərbə, nə də Rusiyaya qarşı çıxa bilməz. Rusiyaya qarşı çıxmaq Serj Sarkisyanın devrilməsi deməkdir. Qərbin şərtlərinin qəbul olunmaması da Serj Sarkisyanın "siyasi ölümü"
olacaq. Bu adam hələ də dərk etməyib ki, iki ağaya qulluq edən nökərin vəziyyəti acınacaqlı olur.
Ermənistan rəhbərliyi ölkəni bu vəziyyətə salıb. Avrasiya İqtisadi Birliyinə qoşulmaqla bağlı məsələ müzakirə olunanda bu qərarın bizə heç nə verməyəcəyini demişdim. Amma mənə qulaq asmadılar. Dedilər ki, daha da güclənəcəyik. Bəs nə oldu, niyə güclənmədik?
Bizə deyirlər ki, Azərbaycana Türkiyə dəstək verir. İnanmıram. Azərbaycana dəstək verən ölkələr çoxdur. Məqsəd də bizi danışıqlara vadar etmək, güzəştlərə sürükləmək idi. Məqsədlərinə də çatdılar. Rusiyanın böyük təsir rıçaqları var. Hər halda Rusiyanın baş naziri Dmitri Medvedev döyüş günlərində "qoşunların hərəkətini görürük" bəyanatı verdi. Fikir versəniz, ABŞ-ın dövlət katibi və prezidenti belə açıqlama vermədi”.
"Dördgünlük müharibə"nin ilkin nəticələri bəllidir. Acı olsa da, etiraf etməliyik - uduzduq". Bunu isə Ermənistanın tanınmış publisistlərindən olan Karapet Kalençyan armtoday-da dərc olunmuş məqaləsində yazıb.
O, Ermənistanın məğlubiyytə uğramasını belə arqumentləşdirib:
1. Ermənistan yenə də Dağlıq Qarabağın müstəqilliyini tanıya bilmədi. Bununla bağlı qanun layihəsi var, müzakirələr oldu, amma ABŞ və Rusiyanın təzyiqlərindən sonra geri çəkildik. Üstəlik, Azərbaycanın "Ermənistan Dağlıq Qarabağı rəsmən tanıyarsa, müharibəyə başlaycağıq" bəyanatı deyəsən, prezident Serj Sarkisyanı qorxutdu.
2. Dağlıq Qarabağdakı "dördgünlük müharibə" göstərdi ki, Ermənistanın hazırda nə MDB-də, nə də Avropada faktiki olaraq müttəfiqləri və tərəfdaşları yoxdur. Fiziki və siyasi baxımdan blokadada qaldıq. Azərbaycanın qarşısında tək qalmışıq.
3. Rusiya Azərbaycanı silahlandırır və "dördgünlük müharibə"də uduzmağımızın səbəblərindən biri də budur. Atəşkəs də Rusiyanın təşəbbüs ilə oldu. Bizə "müttəfiq və dost" olduğunu deyən Rusiya, əslində, Ermənistanı çoxdan satıb.
4. Rusiyanın Gümrüdəki 102-ci bazası nə işlə məşğul olur və bu baza bizə gərəkdirmi? Baza bizi kimdən qoruyacaq - Türkiyədən?! Rusiya və Türkiyə arasındakı münasibətlərin pozulduğu indiki şəraitdə həmin baza, əslində, ermənilər
üçün təhlükədir. Çünki Rusiya və Türkiyə arasında silahlı münaqişə başlasa, türklər "rusiya hərbçilərinin vurulması" adı ilə Ermənistan ərazilərini bombalayacaqlar.
5. Avrasiya İqtisadi Birliyi və KTMT-də üzvlük Ermənistana nə verdi? Qoy, Ermənistanın rəhbərliyi buna cavab versin. Rusiyadan gətirilən köhnə avtomobillərə tətbiq olunan rüsumun azaldılmasından savayı bu üzvlüyün bizə nə xeyri var axı?! Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bizə də pis təsir etdi. Üstəlik, kommunikasiya sahəsində İranla birgə layihələrə Rusiya icazə vermir. Belədirsə, biz müstəqil ölkəyik, yoxsa Rusiyanın vilayəti?! Rusiyanın tərkibindəki Çeçenistan faktiki olaraq Ermənistanla müqayisədə daha çox hüquqlara malikdir. Ermənistan iqtisadiyyatında Rusiya şirkətlərinin nəzarətindəki sahələrin heç biri rentabelli işləmir. Yarıtmaz fəaliyyətin hesabını isə erməni xalqı ödəyir.
Beləliklə, Ermənistan rəhbəri Sərkisyan hər tərəfdən təzyiqlərlə üz-üzədir. Bir tərəfdən o, Azərbaycanın yenidən müharibəyə başlayacağından qorxur. Digər tərfdən, ölkə daxilində də Sərkisyanın vəziyyəti ürəkaçan deyil. Xalq məğlubiyyətə görə onu suçlayır. Digər tərfdən, Sərkisyanın siyasi rəqibləri hücuma keçiblər faktiki olaraq hazırda ölkədə hakimiyyət uğrunda ciddi mübarizə gedir. Xarici təzyiqlərə gəlincə, Ermənistan indi həm Qərb, həm də Rusiyanın təzyiqləri ilə üz-üzədir…
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?