Emin Hüseynov: “Bütün Qərb ölkələrinin səfirliklərinin qarşısında qruplar məni gözləyiblər”Bu, Emin Hüseynovdur. Azərbaycan mətbuatının azadlıq fədailərinin müdafiəsində müstəsna rol oynayan, onların dar günlərində müdafiə bayrağını qaldıran, sıradan çıxarılan müstəqil mətbuatın müdafiəsinə əzəmətli dirəniş bayrağı ucaldan adam. Bütün çətinliklərin içindən baş çıxarsa da, sonunda onu da dayandıra bildilər. Emin sadəcə başını götürüb məmləkətdən getdi. Ancaq Emin Hüseynovun gedişi sıradan bir gediş olmadı. Dövlətlərarası skandal oldu. Onun heç bir addımı sıradan olmadı zatən. Hamının üzərinə tank-tüfənglə getdiyi azad söz adamlarını o qorudu. Bütün televiziyaların bir-bir səngər dəyişdirdiyi bir zamanda o yeni televiziya kanalı ilə əzilənlərin səsi oldu – “Obyektiv TV” hamımızın mübarizə tariximizi yazdı. Bütün mətbuat zallarının bağlandığı, hakimiyyətlə anlaşdığı bir məqamda onun mətbuat zalı kimsəsizlərin və əzilənlərin ixtiyarında oldu. Bütün mətbuat konfranslarını pullu keçirmək üçün hamı sıraya düzüləndə o irəli düşdü və media üçün pulsuz mətbuat konfransları üçün zal yaratdı. Bir çox ilklərin müəllifidir Emin Hüseynov. Həbs olunub dərin-dərin illərə sürgün olunanda yanında, təşkilatında çalışıb ailəmizə baxa bildilər – ailə ortamı yaratdı Emin Hüseynov. Hamı tərəfindən atılan, yardımsız, müdafiəsiz buraxılan siyasi məhbus ailələrinin ərklə üz tutduğu, hirsləndiyi, umduğu, gözlədiyi adam oldu Emin Hüseynov. O tutulanda hamımızın bayırda və “Bayıl”da nitqimiz tutuldu. Müdafiəmiz dayandı. Bayrağımız endi. Onun da bayrağını endirdilər. Zallarını bağladılar. Ofisinin qapılarına möhür vurdular. Tank kimi üstündən keçdilər. Necə 3 il əvvəl – 2011-ci ildə bizim üstümüzdən keçmişdilərsə, eləcə də 3 il sonra – 2014-cü ildə onun üstündən keçdilər. Həyat bizi Kürdəxanıya və müxtəlif Azərbaycan “zon”larına, onu isə İsveçrənin Xarici İşlər naziri ilə Avropaya apardı. Və… biz onunla düz 5 il sonra uzaq Finlandiyanın paytaxtı Helsinkidə görüşdük. Vəd verdiyi kimi, ilk həcmli müsahibəni də bizə – “Qaynar Qazan”a verdi. Emin Hüseynov indi-indi özünə gəlir. Onu bu dəfə nikbin və eyni zamanda o qədər də narahat gördüm. Hər zamankı həssaslığı qalmayıb, amma yenə çalışqan ovqatdadır. İndi işi daha da böyüyüb. Zaman onun hədəflərini bütün Avropaya yayıb. Daha Azərbaycanın hüququ pozulan qələm adamlarının yox, bütünlükdə Azərbaycanın vəkilliyini etməkdə iddialıdır. İmkanları iddiaları ilə üst-üstə düşsə, onun da öhdəsindən gələcəyinə inanıram. Vaxtilə müdafiə etdiyi adamlar onu o qədər pis vəziyyətdə qoyub ki, indi haqqına mübarizə aparanlara da şübhə duymağa başlayıb. Təbii ki, bütün bunlar yanlışdır, amma zaman hər şeyi yoluna qoyacaq. Necə ki, qoydu. Eminin Azərbaycandan gedişi film kimi olaylı olub. 48 dəqiqə danışdıq. Çox şey dedi, amma heç nə də demədi. Ehtiyatlılığı yüksək səviyyədədir və bunu dəyərli Oxucu-tamaşaçı da hiss edəcək. Keşməkeşli həyat yolu onu diplomata çevirə bilib. Narahatçılığı hər halından məlum olur. İstər indidən, istər də gələcəkdən qayğıları var. O, artıq Azərbaycan vətəndaşı deyil. Yaxın günlərdə heç olacağı da gözlənilmir. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib, amma onun da qərarı dəryada balıq sevdası. Hansımızın Avropa İnsan Hüquqları Məhkəməsində işimiz yoxdur? Mənim 8 işim oradadır və 6 il keçib hələ çıt yox. Prioritet hallarda baxılan qərarlar da gözlərimizin önündə. Deməli, biz hələ uzun illər Eminlə Avropada – Azərbaycandan qeyri məkanlarda görüşəcəyik. Bu növrağı zaman dəyişməsə təbii ki… Siz o Emini görəcəksinizmi, bilmirəm. Şəxsən mən bir xeyli dəyişmiş, Avropanın sərt qaydalarını mənimsəmiş, bir az da laqeydləşmiş, quru, boz bir Emin Hüseynov gördüm. Bu, həm də onun yaşadıqlarının nəticəsidir, bilirəm. Təbii ki, o, mənim 2011-ci ildə qoyub getdiyim Emin ola da bilməzdi. Biz hamımız 2011-ci ildən bu tərəfə təxminən 50 il yaşamış, qocalmışıq. Ömrümüzdən gedən ağır illər ömrümüzə ağır günlər gətirib. Film qibi yani – Qayaxan demiş. Hə, Eminə onu da deyiblər. Deyiblər ki, gəl sənin həyatını filmə çəkək. Emin hələlik razılıq verməyib. Mən razı olardım, onsuz da hər birimizin həyatımızın hekayələri həm də bir-birini tamamlamırmı? O zaman gəlin, Emin Hüseynovun həyatının film kimi keçən 10 ayından bəhs edən 48 dəqiqəlik hekayəsinə baxaq. Qiyməti əlahəzrət Oxucu-tamaşaçı versin. “Qaynar Qazan”ın 16-cı qonağı əfsanəvi Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun – RATİ-nin direktoru, Azərbaycan vətəndaşlığından və ölkədən çıxarılan, hazırda mühacirət taleyi yaşayan Emin Hüseynovdur. Yer Finlandiya, Helsinki… Gün Beynəlxalq Söz Azadlığı Günü… Mövzu Azad və Müstəqil Sözdür…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?