Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova yeni cinayət işinin açıldığı bildirilir.
Bu haqda vəkil Namizəd Səfərov özünün facebook səhifəsində yazıb. Vəkil iddia edir ki, sabiq nazirə qondarma ittiham irəli sürülüb.
“Deyəsən, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə adı ilə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni qondarma ittiham irəli sürülür. Məlum olduğu kimi Ə.İnsanovun 11 illik həbs cəzasını tam çəkib qurtarmağına bir neçə ay qalırdı” - deyə vəkil yazıb.
Sabiq nazirin olduğu 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı-İstintaq Təcridxanasına aparıldığı bildirilir. Ona Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açıldığı deyilir.
Sabiq nazirin vəkilləri və rəsmi qurumlar, hələ ki, bununla bağlı hər hansı açıqlama verməyiblər.
Əli İnsanov 2005-ci il oktyabrın 19-da həbs olunub. 2007-ci ilin aprelində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.
Əli İnsanov bu hökmdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. 14 mart 2013-cü ildə Avropa Məhkəməsi Əli İnsanova münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, pis rəftara məruz qalmama hüququ) maddələrinin pozulduğunu təsdiqləmişdi. Buna görə sabiq nazirə kompensasiya verilməsi müəyyən edilmişdi.
Sonra Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işi üzrə hökmün qüvvədə saxlanılması barədə apellyasiya və kasasiya məhkəmələrinin vaxtilə çıxardıqları qərarları ləğv etdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi bir daha hökmdən şikayətə baxdı. 2014-cü ilin yanvarında çıxarılan qərara əsasən, yenə də hökm dəyişdirilmədən qüvvədə saxlandı.
Sabiq nazirin cəzasının başa çatmasına bir neçə ay qalır.
Sabiq nazirin vəkillərindən Ağaveyis Şahverdi Azadlıq Radiosuna açıqlamasında yeni ittihamla bağlı ona hər hansı bilgi verilmədiyini, bundan xəbərsiz olduğunu deyib.
Onun digər vəklii Toğrul Babayevə isə Azadlıq Radiosuna açıqlamasında yeni ittihamla bağlı yayılan məlumatları təkzib edib. Vəkil cəzaçəkmə müəssisəsində sabiq nazirlə görüşdüyünü, onun durumunun yüksək olduğunu bildirib.
O, sabiq nazirə qarşı yeni ittihamin irəli sürülməsi ilə bağlı iddianın hardan yarandığını bilmədiyini söyləyib.
Sorğu
Yeni dizaynımız necədir?