gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndəsi, Kiçik Biznes üzrə Palata Komitəsinin sədri, eyni zamanda, Xarici İşlər üzrə Palata Komitəsində və Hüquqi İşlər üzrə Palata Komitəsində fəaliyyət göstərən Stiv Şabotu qəbul edib.
Cənubi Qafqazın mühüm region olduğunu qeyd edən ABŞ Konqresinin nümayəndəsi, Kiçik Biznes üzrə Palata Komitəsinin sədri Stiv Şabot regiona səfərlərinə onun qeyd etdiyi kimi, Cənubi Qafqazın ən vacib ölkəsi olan Azərbaycandan başladıqlarını vurğuladı. Səfərinin regionun, o cümlədən Azərbaycanın daha yaxşı tanınması işinə öz töhfəsini verəcəyini bildirən Stiv Şabot əldə etdikləri məlumatları Konqresdəki həmkarlarına çatdıracağını dedi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın artıq 25 ildir müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutmasına baxmayaraq, hələ də bəzi dünya siyasətçilərinin və beynəlxalq ictimaiyyət nümayəndələrinin ölkəmizin reallıqları, yürütdüyü siyasət, əldə etdiyi nailiyyətlər və gələcək planları barədə məlumatlandırılmasına ehtiyac duyulur. Stiv Şabotun Azərbaycana səfərinin ölkəmizi və insanlarımızı daha yaxından tanımaq, inkişaf proseslərini müşahidə etmək, prioritetlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyən dövlətimizin başçısı səfərin uğurlu keçəcəyinə əminliyini bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycanda son illərdə gedən inkişaf prosesləri, həyata keçirilən islahatlar, həmçinin bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?