Ermənistanda daha bir mənbə “İsgəndər” operativ-taktiki raket komplekslərinin Rusiyadan yeni deyil, daha əvvəldən alındığını təsdiqləyib.
Bu ilin aprelində Qarabağda gedən döyüşlərdə Ermənistan həmin raket komplekslərini tətbiq olunmaq üçün hazır saxlayıbmış. Lakin burada məqsəd erməni tərəfinin hesab etdiyi kimi “döyüşlərin irimiqyaslı müharibəyə keçməsinin qarşısını almaq üçün” çəkindirici amil yaratmaq idi.
İrəvandakı Qafqaz İnstitutunun departament rəhbəri, hakimiyyətə yaxın politoloq Sergey Minasyanın dediyinə görə, raketlər İrəvanda paradda nümayiş olunandan sonra tez-tez sual edirlər ki, nəyə görə Ermənistan ordusunun sərəncamında “İsgəndər”lər olduğu halda onları aprel döyüşlərində tətbiq etməyiblər.
“Lakin heç kim bu raketlərin minimal və maksimal mənzili barədə sadə sual vermir. Axı maksimal 280-300 kilometr mənzildən başqa minimal mənzil də var-50 kilometr”-Minasyan “Novosti Armeniya” agentliyinə bildirib.
Onun sözlərinə görə, aprel döyüşləri zamanı “İsgəndər”lər tətbiq olunmaq üçün hazırlanmışdı və “strateji çəkindirmə problemini” həll edirdi, yəni həmin situasiyanın irimiqyaslı müharibəyə keçməsinə yol verməmək vəzifəsinin öhdəsindən gəlirdi.
Xatırladaq ki, Ermənistan parlamentinin deputatı, general Seyran Saroyan da raketlərin indi deyil, daha əvvəldən alındığını açıqlayıb. “Biz onu indi göstərdik. Eşitmək başqa şeydir, görmək başqa. Nümayiş etdirmirdik, ona görə də ki, bəhanə yox idi, üstəlik hərbi sirr idi”-Saroyan jurnalistlərə deyib.
Virtualaz.org hələ raketlər İrəvanda parad məşqinə çıxarılanda yazmışdı ki, (bax-http://virtualaz.org/bugun/79078) Rusiya “İsgəndər” komplekslərini Ermənistana indi yox, böyük ehtimalla 2013-cü ildə verib. Çünki həmin ilin yayında “Azadlıq” radiosunun erməni xidməti Ermənistanda “İsgəndər” raketlərinin yerləşdirildiyi haqda məlumat əldə edib. Ermənistan rəhbərliyi bu məlumatı təkzib etməyib.
2013-cü ildə Rusiya Müdafiə Nazirliyi elan etmişdi ki, Cənub və Qərb hərbi dairələrinin sərəncamında olan köhnə modifikasiyalı “İsgəndər-E” kompleksləri daha müasir “İsgəndər-M” kompleksləri ilə əvəzlənir. Deməli mümkündür ki, Rusiya Müdafiə Nazirliyi Cənub hərbi dairəsinin balansından çıxarılan “İsgəndər-E” komplekslərini Ermənistana verib.
Azərbaycan kəşfiyyatı şübhəsiz ki, Ermənistanın bu raketlərə malik olmasından xəbərdar idi. Buna baxmayaraq “İsgəndər” kompleksləri Azərbaycan ordusunun apreldə ermənilərin müdafiə xəttini iki istiqamətdən darmadağın etməsində Minasyanın və digərlərinin hesab etdiyi kimi “çəkindirici rol” oynaya bilmədi. Ona görə ki, Ermənistan bu raketlərin mümkün tətbiqi zamanı Azərbaycan ordusunun Naxçıvan istiqamətindən İrəvana raket zərbələri ilə qarşılaşa bilərdi...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?