Dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən azad edilib.
Virtualaz.org bildirir ki, Elmar Məmmədov heç kimin gözləmədiyi halda vəzifəsindən azad ediləndən dərhal sonra hüquq-mühafizə orqanları onu saxlayıb. Sayt bildirir ki, Elmar Məmmədov bu vəzifədə hazırda həbsdə olan Cahangir Hacıyevi əvəzləmişdi və onun Beynəlxalq Bankın rəhbərliyinə gətirilməsi faktiki olaraq batırılan dövlət bankını sağlamlaşdırmaq tədbirlərinin bir hissəsi idi: “Lakin belə görünür ki, Elmar Məmmədov ona göstərilən etimadı doğrultmayıb. Hələlik onun nədə ittiham edildiyi məlum deyil. Bununla belə ehtimal edilir ki, Elmar Məmmədovun vəzifədən azad edilməsi və saxlanılması dollar “qara bazarı”nın geniş vüsət alması və son vaxtlar valyuta spekulyasiyasının narahatlıq doğuracaq dərəcədə artmasıdır. Hazırda hüquq-mühafizə orqanları Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə dollar qara bazarı ilə bağlı araşdırma aparır, banklardan dolların qara bazara necə ötürüldüyünü üzə çıxarmağa çalışır”.
E.Məmmədov Maliyyə Naziri Samir Şərifovun ən yaxın adamlarındandır. O, bu vəzifəyə 2015-ci ilin yayında nazirin təqdimatı və xeyir-duası ilə gətirilib. Məqsəd ABB-nin yenidən dirçəldilməsi olub. İndi belə çıxır ki, vaxtı ilə Cahangir Hacıyevlə Eldar Mahmudovun taladığı bankı bu gün Elmar Məmmədovla onun himayəçiləri dağıdır. Demək, ABB vasitəsilə yenidən qara bazar üzərindən ciddi maxinasiyalar, talançılıq davam edir. Sadəcə bu prosesdə şəxslər dəyişib – proses isə dayanmayıb.
Yeri gəlmişkən, bu günlərdə Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Yevda Abramov “qara bazar”da baş verən proseslə bağlı danışarkən demişdi ki, hər kəsin göz qarşısında şəhərdə valyuta alveri gedir. Sitat: “Bir gündə dollar 5 manat fərqlə qalxıb - düşdü. Kim diktə edir qara bazara? Hardadır, kimin maşınının baqajındadır bu qədər vəsait? Valyutadəyişmə bazarını kim ləğv etdi? Qara bazara yeni imkanlar yaratdıq. Effekt də vermədi. Rusiyada da bənzər hadisə var. Amma Rusiya bu xəstəliyi belə keçirmir. Dərin dövlətlər neft ölkələrini çökdürmək üçün bu musiqini çaldırırlar”.
Xatırladaq ki, Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollar depozit yerləşdirmişdi. Bu, valyuta bazarında ajiotajı yatırmaq üçün görülən tədbir kimi təqdim olunurdu. Həmin depozitin yerləşdirilməsindən sonra doğrudan da bazarda bir müddət dollar bolluğu yarandı, manat yenidən dəyər qazanmağa başladı. Ancaq daha sonra dollar yenidən qıtlaşdı, məzənnə isə artmaqdadır...
Bu proseslərin arxasında maliyyə naziri Samir Şərifovun dayandığına dair iddialar var. Onun təqdimatı ilə Beynəlxalq Banka rəhbər gətirilən şəxs sürpriz şəkildə işdən çıxarılırsa, hüquq-mühafizə orqanlarında dindirilirsə, deyilənlərdə məntiq və həqiqət payının olmasına şübhə qalmır. Düzdür, baş verən proseslərin S.Şərifovun karyerasına hər hansı formada təsir edəcəyinə dair birmənalı fikir bildirmək çətindir. Fəqət, ölkənin maliyyə siyasətini müəyyənləşdirən, o siyasətə yön verən nazirin ən yaxın adamı iqtisadi sabotajla məşğul olursa, buna görə həmin nazirin başının sığallanacağını kimsə iddia edə bilməz.
Təəssüf ki, Samir Şərifov mətbuata qapalı nazirlərdəndir. Bu haqda onun özündən nəsə soruşmaq mümkün deyil. Lakin hörmətli nazir danışmaq istəsə, deyilənlərə münasibət bildirməyə çalışsa, məmnuniyyətlə onun mövqeyini dərc edə bilərik.
Sorğu
Yeni dizaynımız necədir?