Səlim Məmmədov: “Həyatıma sui-qəsd olub, ağlımı itirmişəm”
“Millətim və dövlətim üçün xidmət etmişəm”
“Akif Çovdarovun haqsız tənqidinə məruz qalmışam”
Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim Məmmədov ona elan olunmuş Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə ilə özünü təqsirli bilməyibş
O, ifadəsində göstərib ki, 1992-ci ildən 2015-ci ilin noyabr ayının 2-nə kimi milli təhlükəsizlik orqanlarında xidmət edib, sonuncu göstərilən tarixdə polkovnik rütbəsində ehtiyata buraxılıb: “Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində sonuncu iş yerim Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 1-ci idarəsinin rəisi vəzifəsi olub. 2011-ci ilin aprel ayının 7-də xidməti vəzifəsini icra edərkən, aktiv əməliyyat tədbirini yerinə yetirərkən həyatıma sui-qəsd olunub”.
O, qeyd edib ki, Sərraf Xubayev, Namiq Şamilov və digərlərindən ibarət 9 nəfərlik cinayətkar dəstəni zərərsizləşdirərkən onun və
Vüqar Muxtarovun üzərinə avtomobil sürülüb və iki dəfə ard-arda avtomobillə vurulublar: “Bu hadisə nəticəsində adı çəkdiyim cinayətkar qrup məsuliyyətə cəlb olunub və məhkəmənin 30 aprel 2013-cü il tarixli hökmü ilə ağır cəzalara məhkum ediliblər. Əməliyyat tədbirinin gedişatında aldığım xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasının 30 iyun 2011-ci il tarixli 118/MEŞ nömrəli rəyi ilə burnumun yumşaq toxumalarının əziyi, sol burun pərinin cırılmış yarası, baş beyin silkələnməsi halında kəllə-beyin travması, sol budun və bel nahiyəsinin yumşaq toxumalarının geniş sahədə dərialtı hematoması və sıyrığı aşkar edilib, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edildiyi təsbit olunub”.
Səlim Məmmədov qeyd edib ki, həmin hadisədən sonra aldığı xəsarətlə əlaqədar yaddaşında problemlər yaranıb, mütəmadi baş ağrılarından əziyyət çəkir: “Sağlamlığım ilə əlaqədar baş idarə rəisi Akif Çovdarova dəfələrlə raport yazaraq xəstəliyim ilə bağlı təqaüdə çıxarılmağımı xahiş etsəm də Akif Çovdarovu raportları rəsmiyyətə almayıb, cırıb atıb. Bundan başqa, xidməti fəaliyyətim ərzində 27 mart 2002-ci il tarixdə “Hərbi Xidmətlərə görə” medalı ilə, həmçinin 18 mart 2011-ci ildə “Vətən Uğrunda” medalı ilə təltif olunmuşam. Qeyd etdiyim medallarla yanaşı çoxsaylı medal və fəxri fərmanlarla təltif olunmuşam”.
MTN polkovniki bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ölkələrarası əməliyyat tədbirlərini təşkili və rəhbərliyini həyata keçirib: “Həmçinin ABŞ-da, Ekvadorun paytaxtı Kito şəhərində və Rusiya Federasiyasında əməliyyat tədbirləri nəticəsində ümumilikdə tonlarla narkotik vasitələri dövriyyədən çıxarılmasına nail olmuşuq, əməliyyat tədbirlərində fəal iştirak etmişəm. Rusiya Federasiyasının Sank-Peterburq şəhərində 397 kq, Moskva şəhərində isə 91 kq həşiş qətranını dövriyyədən çıxarılması ilə bağlı əməliyyat tədbirində iştirak
etmişəm. ABŞ ərazisində keçirtdiyim tədbirin nəticəsində Azərbaycandan yeganə əməliyyatçı olaraq DEA “İDEK”-in və MDB-dən “KNON”-nun üzvü seçilmişəm. Bütün fəaliyyəti boyu millətim və dövlətim üçün xidmət etmişəm”.
Səlim Məmmədovun sözlərinə görə, 2004-cü ildə MTN rəhbərliyi dəyişilik olub: “Bundan sonra 2004-cü ilin dekabr ayında Ağstafa rayon bölməsinin rəisi vəzifəsindən azad edilərək bir ay yarım sərəncamda qaldım. 2005-ci ilin yanvar ayında bir pillə aşağı vəzifəyə, Anti-Terror Mərkəzinə baş əməliyyat müvəkkil vəzifəsinə təyin olundum. Fəaliyyətim müddəti ərzində Akif Çovdarovun haqsız tənqidinə məruz qalmışam, yalnız xidməti fəaliyyəti nəticəsində əldə etdiyi nəticələrə görə pillə-pillə vəzifədə irəli çəkilərək 2009-cu ilin may ayında idarə rəisi vəzifəsinə təyin olunmuşam. Hər hansı bir cinayətkar qrupa üzv olmamışam, cinayət törətməmişəm”.
O, qeyd edib ki, adı səslənən və ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan hadisələrdə sırf şahid qismində iştirakı olub: “Bütün davranışım, yəni hər hansı bir şəxsin MTN-ə dəvət edilməsi, söhbətlərin aparılması bilavasitə üzərində rəhbərliyi həyata keçirən Akif Çovdarovun əmri ilə olub, bu danışıqlar zamanı pul tələbi etməmişəm, hədə-qorxu gəlməmişəç. İttihamda adları çəkilən zərərçəkmiş şəxslər bilavasitə Akif Çovdarov tərəfindən qəbul edilib. Akif Çovdarovun qanunsuz danışıqlarının şahidi olmamışam və bu səbəbdən şəxslərin MTN-ə çağırılmasının qeyri-qanuni olmasını bilə bilməmişəm”.
Səlim Məmmədov üzləşdirmələr zamanı verdiyi ifadələri təsdiq etdiyini deyib: “Bütün davranışım Akif Çovdarovun əmri ilə həyata keçirilib. Akif Çovdarovun tərəfindən mənə verilmiş göstərişləri mübahisələndirmək səlahiyyətinə və vəzifəsinə malik olmamışam”.
Təqsirləndirilən şəxs əlavə edib ki, əvvəllər polis orqanlarında işləmiş “Real-MTK” mənzil-tikinti kooperativi ilə şəriklik münasibətləri olan Namiq Orucovu narkotik maddə istifadəçisi kimi tanıyıb: “2015-ci ilin sentyabr ayında adını xatırlamadığım bir şəxsin narkotik vasitə olan kokaini Namiq Orucova satması barədə MTN-ə daxil olmuş məlumat əsasında rəhbərlik etdiyim 1-ci idarə tərəfindən tədbir keçirilib. Həmin tədbir zamanı Namiq Orucov tanışı İlham Qasımovun yaxın qohumunun toy məclisində olarkən oradan 1-ci idarənin 1-ci şöbəsinin rəisi Vüqar Muxtarovun rəhbərliyi altında olan əməliyyat qrupu tərəfindən saxlanılaraq MTN-ə gətirilib, bundan başqa narkotik maddə satmaqda şübhəli bilinən, adını hazırda xatırlamadığım şəxs də nazirliyə gətirilib. Həmin şəxsin üzərindən təxminən 5 qram kokain aşkar olunub. Lakin o, Namiq Orucova və ya başqasına narkotik vasitə satmadığını, üzərindən aşkar edilmiş kokainin özünə məxsus olduğunu bildirib. Bu səbəbdən Namiq Orucov səhərisi gün sərbəst buraxılıb. Üzərindən kokain aşkar edilmiş şəxs barəsində materiallar isə istintaqa göndərilib”.
Səlim Məmmədov əlavə edib ki, 14 sentyabr 2015-ci il tarixdə MTN-nin bir neçə əməkdaşının İlham Qasımovun bacısı oğlunun toy mərasimi keçirilən “Sofiya” şadlıq sarayına daxil olaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Namiq Orucov və Rusiya Federasiyasının vətəndaşı Tofiq İbrahimovnun sürücüsü Gülağa Quliyevin “Mercedes Galenvagen” markalı 99 XE 999 dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə saat 22 radələrində MTN-ə gətirilərək orada qanunsuz olaraq bir sutka saxlanılmaları, Namiq Orucovdan buraxılması üçün 1.000.000 manat tələb edilib sonuncunun qardaşı Şahin Orucovdan 100.000 manat, Tofiq İbrahimovdan isə Mustafayev Akif İsmayıl oğlu vasitəsilə 300.000 manat alındıqdan sonra Namiq Orucov və Gülağa Quliyevin azad olunmaları, avtomaşının qaytarılması həqiqətəuyğun deyil, Namiq Orucovdan, eləcə də başqalarından pul tələb edilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?