"Bakının yeraltı kommunikasiya, kanalizasiya və yağış sularının yığılması sistemləri qazılıb, yenidən qurulmalıdır".
Bunu Bakının baş planına əsasən 2035-ci ilə qədər 121 919 binanın köçürülməsi məsələsindən danışarkən Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, gecəqondular kimi kortəbii tikilən mənzillərin sökülməsi məqsədəuyğundur:
"Əvvəllər şəhərdə baş plan olmadığına görə gecəqondular harada, necə gəldi tikilib. "Sovetski”dəki binaların söküləcəyi məlum olsa da, plansızlıqdan ərazinin ortasında bir neçə hündürmərtəbəli binalar tikilib. Köhnələr söküldükdən sonra isə bu binalar ortada qalıb. 2035-ci ildə çox şey planlaşdırıla bilər, amma sonradan dəyişə də bilər. Neftin qiymətinin azalması ilə əlaqədar olaraq ölkənin gəlirləri azaldığından dövlət bu sahəyə qoyulan investitisiyaları da azaldıb. 2035-ci ilə qədər nəzərdə tutulan planlaşdırılmadan kənara çıxılma olmasa, daha yaxşı olardı. Lakin buna zəmanət yoxdur, çünki dəfələrlə şəhərin mərkəzində hündürmərtəbəli binaların tikilməsinin qarşısını alan qərarlar qəbul olunub, icra olunmayıb. Bakının ən böyük problemi üst hissəsinin tikilib, alt hissəsinin planlaşdırılmamasıdır. İndi üstdə olan binalarla aşağıda olan infrastruktur uyğunsuzdur. Məsələn, kanalizasiya sistemi, yağış aparan qurğular, yeraltı kommunikasiya təchizatı sistemsiz keçir və köhnədir. İndi yeni plana uyğun, şəhəri qazıb, yeraltı kommunikasiya sistemlərini yenidən qurmağın mümkünlüyü sual altındadır. Sökülən "Sovetski" də nə məqsədlə istifadə olunur-olunsun, həmin yer qazılıb möhkəm, yüzillik kanalizasiya sistemi qurulmalıdır. Lakin buna əməl edən yoxdur, ona görə, şəhərin planlaşdırılması düzgün olmalıdır. Bakı Şəhər İcra hakimiyyəti və onun aidiyyatı strukturları düzgün planlaşdırmalar aparmadığından məsələyə dövlət səviyyəsində baxılmalıdır".
S.Məmmədov bildirib ki, binaların 2035-ci ilə qədər kütləvi köçürülməsindən söhbət gedirsə, narazılıq mütləq olacaq:
"İnsanlar illərlə bir yerdə yaşadıqda öyrəşirlər, qonşuluq əlaqələri qurub, sosiallaşırlar. Bu səbəbdən onların birdən-birə köçürülməsi zamanı diskomfort yaranır. Həmin binalar da mərkəz sayıldığından onları Günəşliyə, Əhmədliyə və digər şəhərətrafı ərazilərə köçürdükdə anlaşılmazlıq arta bilər".
Qeyd edək ki, Bakı şəhərinin Ərazidən İstifadə və Zonallaşdırma Planına (baş plan) əsasən, 2035-ci ilədək 121 919 bina köçürüləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?