Nazirlər Kabineti Azərbaycanda qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcək şirkətlərin qeydiyyata alındığı ofşor zonaların siyahısını təsdiqləyib. Baş nazir Artur Rasizadənin imzası ilə müvafiq qərar yanvarın 7-də rəsmi “Xalq qəzeti”ində dərc olunub. Həmin qərar aşağıdakı kimidir: “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı” təsdiq edilsin. Siyahı qərara əlavə olunur və orada göstərilir ki, aşağıdakı 17 ofşor bölgədə yaradılan şirkətlər Azərbaycanın qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcəklər: Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu və ABŞ Virgin adaları.
Marşal, Cersi, Men, Kayman və Britaniyanın Virgin adaları, eləcə də Kipr və Malta kimi təsisçiləri və kapitalının mənşəyi haqda bilgiləri tam və ya qismən gizli saxlayacağına təminat verən ofşor bölgələr bu siyahıda yer almır. Nazirlər Kabinetinin bu qərarı Azərbaycan hökumətinin offşor zonaların köməyi ilə vergidən yayınmanın və kapital axınının qarşısının alınmasına yönəlmiş səylərin tərkib hissəsidir. Xatırladaq ki, bundan əvvəl Vergilər Nazirliyi offşor zonalarda yerləşdirilən vəsaitlərdən vergi tutulmasına dair təklifləri parlamentə təqdim edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?