N. İbrahimov susdu, Tağıyev nələr dedi? - Şok faktlar
Kiyevdəki Azərbaycan Cəmiyyətinin sədri Rövşən Tağıyevlə bağlı mətbuatda sensasion məlumat və fotoların yayılmasından sonra müəmmalı proseslər başlayıb. “Gündəm Xəbər” bildirir ki, öncə Ukrayna Millətlər Assambleyasının da sədri olan Rövşən Tağıyev və dostlarının 2017-ci ili Ukraynada erməni diasporunun nümayəndəriylə birlikdə qarşıladığını yazan Bakipost.az maraqlı məqamlara aydınlıq gətirdi. Bəlli oldu ki, Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyan Tağıyevlə yaxın dostdur. Əlbəttə, Qarabağ həqiqətlərini etiraf edən bir erməni ilə (Aşot Avanesyan Azərbaycanda doğulub) Azərbaycan diasporuna, üstəlik çoxmillətli Ukrayna Millətlər Assambleyasına rəhbərlik edən şəxs arasında münasibətlərin isti olması problem olmazdı. Ancaq Aşot Avanesyanın bütün fəaliyyətinin Azərbaycana qarşı olduğunu və onun Azərbaycanın işğal edilmiş ərazisində ikinci erməni dövlətinin yaradılması üçün apardığı fəaliyyəti göz önünə alındıqda, bu, çox ciddi qalmaqal yaradır.
Bəlli oldu ki, erməni diasporunun əsas simalarından olan Avanesyan Ukrayna parlamentinə qondarma erməni soyqırımının tanınmasıyla bağlı layihə göndərən şəxsdir. Üstəlik, erməni lobbisinin gücü və böyük biznesi ilə o, Kiyevdə Azərbaycana qarşı olan bütün layihələrin önündə gedir. Digər tərəfdən, onun Dağlıq Qarabağın “müstəqilliyinin” 20-ci “ildönümü” münasibəti ilə separatçıların lideri Bako Saakyana (məktubun skrini əlavə olunur) ünvanladığı təbrik də diqqətdən yayınmamalıdır. Onun müxtəlif vaxtlarda Dağlıq Qarabağın “müstəqilliyinin” əsas tərəfdarı kimi xaricdə böyük təbliğatçılardan olduğu da üzə çıxdı. Belə bir şəxsin əlbəttə ki, azərbaycanlılarla, xüsusən də azərbaycanlıları təmsil edən diaspor rəhbərləri, təmsilçiləri ilə sıcaq münasibəti kifayət qədər ziddiyyətlidir. Azərbaycanın Ukraynadakı əsas diaspor qurumlarından birinin rəhbəri Rövşən Tağıyev belə bir şəxslə dostluq etməsinin əsas səbəbi kimi biznes ortaqlığı olmasını Bakipost.az-a müsahibəsində təkzib edib. Həmçinin Aşot Avanesyanın işğal olunan 7 rayonun qeyd-şərtsiz azad edilməsinin tərəfdarı olduğunu deyən Tağıyev bildirib ki, erməni diaspor rəhbəri Qarabağın statusu məsələsində “beynəlxalq çərçivədə Azərbaycanın mövqeyi qorunmaq və nəzərə alınmaq şərti ilə” həllini tapmasından yanadır. Aşot Avanesyan APA-ya ötəngünkü müsahibəsində də işğal altındakı rayonların geri qaytarılmalı olduğunu açıqlamışdı. Ancaq bunun ardınca dərhal status yazması və Azərbaycan mediasını təxribatda günahlandırması daha qaranlıq məqama aydınlıq gətirir. APA artıq səs yazısını yayıb və səs yazısında doğrudan da Aşotun işğaldakı torpaqların azad olunmasının vacibliyini vurğuladığı aydın eşidilir. Ancaq məsələnin mahiyyəti bundadır ki, Avanesyan illərdir Dağlıq Qarabağın “müstəqilliyindən” danışır və “işğal olunan torpaqlar” deyəndə heç də Dağlıq Qarabağı nəzərdə tutmadığı görünür. Avanesyanın düşüncəsində Dağlıq Qarabağ tam ayrı statusdadır. Azərbaycanın 7 rayonunun işğal olunduğunu Ermənistan özü də təsdiq edir və bunu Dağlıq Qarabağın “təhlükəsizliyi” ilə izah edir. Beləliklə, Aşot Avanesyanın mövqeyi ilə Ermənistan dövlətinin mövqeyi arasında elə də ciddi fərq yoxdur. Problem Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması uğrunda ədalətsiz və bütün beynəlxalq normalara tüpürməklə təbliğat aparan bu cür qatı millətçi ermənilərlə Azərbaycan diasporunun rəhbərinin sıcaq münasibəti, üstəlik, Azərbaycan mediasına Aşot Avanesyanın “Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü daxilində həllinə tərəfdar olduğunu” açıqlaması, yəni erməni dostunu "müdafiə" etmək istəyidir. Diaspor Komitəsi niyə susur? Rövşən Tağıyev dünya azərbaycanlılarının qurultayında N.İbrahimovun təqdimatı ilə "Tərəqqi” medalı ilə təltif olunub, həmçinin onun diaspor rəhbəri olmasında və fəaliyyətində Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin ciddi dəstək verdiyini Rövşən Tağıyev sözügedən müsahibəsində bildirib. Belə məqamda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin məsələnin mahiyyətini araşdırması və konkret qərarlar verməsi gözləniləndir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?