Livanın geniş oxucu kütləsinə malik “Al-Cumhuriyyə” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Ağasəlim Şükürovun 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı geniş məqaləsi dərc edilib. Səfirlikdən Axar.az-a bildirilib ki, məqalədə 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək çoxlu sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verilir, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilmədiyi qeyd olunur. Məqalədə o vaxtkı sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilmiş və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 140-dan artıq insanın qətlə yetirildiyi, 700-dən çox insanın isə yaralandığı bildirilir. Müəllif, həmçinin Azərbaycan rəhbərliyinin həyata keçirdiyi müdrik siyasət və islahatlar nəticəsində müasir Azərbaycanın sürətlə inkişaf edərək regionda lider dövlətə və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrilməsindən bəhs edir. Məqalənin sonunda Azərbaycan xalqının müstəqillik uğrunda canlarını fəda etmiş igid övladlarını unutmadığı və hər il 20 Yanvar faciəsi şəhidlərinin məzarlarını ziyarət etdiyi qeyd olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?