Neman Kərimov: “MTN zabiti Səlim Məmmədovla uzun alverdən sonra 80 min manata razılaşdıq”
“Sabiq prokuror Mirələkbər Seyidovun xidməti otağında Sevincə 10.000 manat verdim ki, məndən şikayət etməsin”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Növbəti məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsində kiçik inspektor vəzifəsində işləyən Neman Kərimov ifaqdə verib.
Neman Kərimov bildirib ki, 2009-cu ilin avqust-dekabr aylarında axşam saat 11-12 radələrində dayısı oğlu Elvin Mövsümov və 2 qız tanışı ilə birlikdə Binəqədi rayonu ərazisində yerləşən “Elit” otelinə gedib və orada istirahət ediblər: “Səhərisi gün saat 11-12 radələrində Elvinlə birlikdə qaldığım otelin qapısı döyüldü, qapını açan zaman isə bir neçə nəfər şəxs otağa daxil oldular. Onlardan biri, hündür boylu, idmançı bədən quruluşlu olanı cibindən vəsiqə çıxararaq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu
bildirdi. O, mənə və dayım oğlu Elvinə onlarla birlikdə nazirliyə getməli olduğumuzu dedi”.
“Elçin Çıraqovu tanıdım”
Neman Kərimovun sözlərinə görə, həmin şəxsin adının Vüqar, soyadının isə Muxtarov olduğunu vəsiqədən oxuyub: “Beləliklə biz Milli Təhlükəsizlik Nazirliyinə nəzarət-buraxılış məntəqəsinin 2-ci mərtəbəsinə aparıdılar. Orada dəhlizdə təxminən 20 dəqiqə gözlədikdən sonra Səlim Məmmədov və Elçin Çıraqov oraya gəldilər. Sonra onlar birlikdə pilləkənlərdən qalxdıqda dəhlizdə sol tərəfdə yerləşən birinci otağa daxil olduq. Elçin Çıraqovu və Səlim Məmmədovu görən kimi dərhal tanıdım. Elçin Çıraqovla Nərimanov rayon Polis Idarəsində işləyərkən tanış olmuşam”.
“Elşad Abdullayevlə yaman konfliktə girmisən...”
Zərərçəkmiş qeyd edib ki, MTN-nin Nərimanov rayon idarəsi və Nərimanov rayon Polis İdarəsi eyni binada yerləşdiyi üçün Elçin Çıraqovla tez-tez qarşılaşaraq görüşüblər: “Səlim Məmmədovla isə təxminən 2006-cı ildə Elçinin oğlunun ad günü mərasimində Nərimanov rayonunda yerləşən “Şəki” restoranında iştirak edərkən tanış olmuşam. Səlim mənə “Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz”, -deyə bildirdi. Səlimdən bu sözün mənasını soruşdum. Lakin o gülərək “mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim” dedi. Bundan sonra, Səlim mənə dedi ki, barəndə Sevinc Məmmədovanın şikayət ərizəsi var, ondan 30.000 manat borc pul almısan, qaytarmamısan. Sevinc Məmmədova ABU-da təhsil alıb. Sevinc Məmmədovanı sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanımışam. Sevinc Mirələkbər Seyidovun işlədiyi rayonda yaşayıb və onunla da münasibəti olub. Sevinci Mirələkbər Seyidovla Elşad Abdullayevin özü tanış edib”.
“Sevinci həmkarı olan Səlim Məmmədovla tanış edıb”
Neman Kərimov qeyd edib ki, Elçin Çıraqovla Sevincin tanış olmalarına da şərait yaradıb: “Bundan sonra Sevinc və Elçinlə dəfələrlə bir masada oturmuşuq. Elçin sonradan Sevinci həmkarı olan Səlim Məmmədovla tanış edıb. Həqiqətən də Sevincdən borc olaraq 30.000 manat pul almışam. Həmin pulu Sevincdən nə səbəbə borc aldığımı isə hazırda xatırlamıram”.
Zərərçəkmişin sözlərinə görə, 2009-cu ilin iyun-iyul aylarında sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidov onu otağına çağırıb: “Həmin vaxt orada Sevinc Məmmədovanı görmüşəm. Sevinc barəmdə şifahi şikayət etmişdi. Mirələkbər Seyidovun xidməti otağında Sevincə 10.000 manat verdim ki, məndən şikayət etməsin. Belə olan halda isə Sevincə cəmi 20000 manat borcum qalıb”.
“Səlim Məmmədov dedi ki, 250.000 manat verməsən...”
Neman Kərimov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyində Səlim Məmmədovla Sevinc Məmmədovanın şikayəti barədə danışıqları olub: “Səlim Məmmədov bildirdi ki, Sevinc səndən şikayət edib, sən ondan 30.000 manat borc pul almısan. Bundan sonra Səlim belindən “Makarov” tipli silahı çıxararaq mənə verdi və bildirdi ki, bu silahlı bir dəqiqə saxla. Lakin əlimi silaha vurmadım. Daha sonra Səlim Məmmədov sidiyimi test etdi. Səlim və Elçin mənə “250.000 manat pul verməsən, səni silahla, narkotiklə yükləyib, özünü həbs edərək “podval»a göndərəcəyik” dedilər. Bir qədər sonra Sevinci otağa gətirdilər və sonuncu üzümə qarşı 30.000 manat pulu borc aldığımı təsdiq etdi. Səlim və Elçin uzun alverdən sonra 80.000 manata razılaşaraq “30.000 manat Sevincə verəcəksən, 50.000 manat pulu isə bizə verməlisən” dedilər”.
“Məndən heç bir yazılı izahat alınmayıb”
Neman Kərimovun sözlərinə görə, başqa çıxış yolu olmadığını görüb və öz telefonlarının birindən dayısı Zakir Mövsümova zəng edib: “Beləliklə dayım Zakir 80.000 manat pulu həmin yerə gətirdi. Dayım pulu Səlim Məmmədov və Elçin Çıraqova verdi. Bundan sonra saat 22 radələrində sərbəst buraxıldım. Milli Təhlükəsizlik Nazirliyinin Komendantlığına təxminən saat 12 radələrində gətirilmişəm və həmin gün saat 23 radələrinə kimi Səlim Məmmədov və Elçin Çıraqov tərəfindən komendantlığın 2-ci mərtəbəsində, pilləkənlərlə qalxdıqda dəhlizdə solda yerləşən 1-ci balaca otaqda saxlanılmışam. Bu müddət ərzində Elçin Çıraqov və Səlim Məmmədov, o cümlədən başqa hər hansı bir MTN əməkdaşı mənə qarşı zor tətbiq etməyib. Sevinc Məmmədovanın şikayət ərizəsi ilə tanış olmamışam. Komendantlıqda saxlanıldığım müddət ərzində məndən heç bir yazılı izahat alınmayıb”.
Prosesdə zərərçəkmiş Neman Kərimovla Akif Çovdarovun arasında qısa mübahisə yaranıb. Qəfəsdə əyləşən Akif Çovdarov zərərçəkmişə “sən nə həyasız adamsan” deyə təhqir edib. Akif Çovdarovun təhqiredici ifadəsinə zərərçəkmiş cavabsız buraxmayıb: “Həyasız sənin özünsən. Cinayətkar, sən o general adına layiq deyilsən!”.
“Bu dəfə “bandotdel”ə şikayət edəcəyini bildirdi”
Zərərçəkmişin belə ifadə ilə çıxış etməsinə vəkilləri etiraz ediblər. Qısa mübahisədən sonra zərərçəkmiş ifadəsini davam etdirib. O, bildirib ki, təxminən 15-20 gündən sonra Sevinc ona zəng vuraraq, MTN-dən pulun ona çatdırıldığını, amma 6 min manatın əskik olduğunu deyib: “Buna görə də, Sevinc bu dəfə “bandotdel”ə şikayət edəcəyini bildirib. Bu xəbərdən hiddətləndim və dayım Zakir Mövsümov birbaşa Akif Çovdarovun mobil telefonuna zəng etdi. Dayım pulun 6 min manatının harda olduğunu soruşdu. Akif
Çovdarov Səlim Məmmədova göstəriş verib və bundan sonra qadının bütün pulları geri qaytarılıb”.
“Məndən 250 min manat pul istədilər”
Daha sonra Neman Kərimov hakim, dövlət ittihamçısı, təqsirləndirilən şəxs və vəkillərin suallarını cavablandırıb. Sonra zərərçəkmişin istintaqa verdiyi ifadəsi elan olunub. Neman Abbasov hər iki ifadəsini təsdiq etdiyini deyib.
Neman Kərimov sualları cavablandırarkən MTN-də döyüldüyünü söyləyib: “Məndən 250 min manat pul istədilər. Daha sonra dayım Zakirə zəng vurdum. O, MTN-nə gəlib, Akif Çovdarovla 80 min manata razılaşdı”.
Akif Çovdarov isə qeyd edib ki, Neman Kərimovun dayısı Zakir Mövsumov dostunun tanışı olub: “Həmin şəxs məndən xahiş etdi ki, Zakirə köməklik edim. Onunla nazirlikdə görüşdük və orada pul barədə söhbət olmayıb, hamısı yalandır”.
“5-6 nəfər mülki geyimli şəxslərin dayandıqlarını gördüm”
Daha sonra digər zərərçəkmiş Elvin Mövsümov da dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Elvin Mövsümov bildirib ki, Neman Kərimov onun doğma bibisi oğludur: “2009-cu ilin oktyabr və ya noyabr aylarında Neman gecəni mənimlə birlikdə “Elit»” otelində qalmağı təklif etdi. Birlikdə “Elit” otelinə gedərək gecəni orada qaldıq. Növbəti gün səhər saat 12 radələrində yuxudan oyanıb əl-üzümü yumaq üçün hamam otağına daxil oldum. Bu vaxt qaldığımız otel otağının qapısı döyüldü. Hamamotağından çıxarkən qapının qarşısında təxminən 5-6 nəfər mülki geyimli şəxslərin dayandıqlarını gördüm”.
“MTN tərəfindən tutulmağımız barədə məlumat verdim”
Zərərçəkmişin sözlərinə görə, həmin şəxslər Nemana əyinini geyinib onlarla getməli olduğunu deyiblər: “Neman bunun səbəbini soruşduqda isə heç nə deməyiblər. Bizi avtomobillə Milli Təhlükəsizlik Nazirliyinə apardılar. Telefonlarımizi MTN-in Komendantlığının 1-ci mərtəbəsində olan nəzarətçiyə təhvil verdik. Nəzarətçi şəxsiyyət vəsiqələrini alaraq qeydiyyat apardı. Sonra həmin şəxslər bizi komendantlığın inzibati binasının 2-ci mərtəbəsinə apardılar. Təxminən yarım saat sonra Neman otaqlardan birinə aparıldı. Tanımadığım şəxslər mənim və Nemanın sidiyindən nümunə götürərək test etdilər. Lakin heç birimizdə narkotik maddə aşkar edilmədi. Dəhlizdə təxminən 2-3 saat gözlədik. Bir qədər sonra adını bilmədiyim bir nəfər şəxs mobil telefonumu gətirərək mənə verdi və atmın zəng etdiyini. Zakirə zəng edərək Nemanla birlikdə MTN tərəfindən tutulmağımız barədə məlumat verdim və təcili oraya gəlməsini dedim. Bundan sonra buraxıldıq”.
“Dedi ki, 80.000 manat əmanət hazırla gəlib götürəcəm”
Elvin Mövsümov bildirib ki, təxminən yarım saat sonra atası oraya gəlib və komendantlığın 2-ci mərtəbəsinə qalxıb: “Təxminən 20-25 dəqiqə sonra atam Zakir geri qayıtdı. Atam anam Bəyzadəyə zəng edərək dedi ki, 80.000 manat əmanət hazırla gəlib götürəcəm. Zakir mənə 80.000 manat pulu ondan kimin istədiyini demədi. 80.000 manat pulu Zakir pencəyinin sol yan cibinə qoydu. Mən nazirliyin qarşısında avtomobildə gözlədim, Zakir isə komendantlığa daxil oldu. Təxminən yarım saat sonra Zakir Nemanla birlikdə oradan çıxdı. Daha sonra Nemanın avtomobili özünə qaytarıldı. Zakirlə birlikdə Sumqayıt şəhərinə evimizə gəldik. Həmin gün axşam atam evdə danışdı ki, 80.000 manat pulu Nemana, Neman isə öz növbəsində buraxılması üçün MTN əməkdaşlarına verib. Amma Nemanın həmin pulu konkret olaraq hansı MTN əməkdaşına verdiyini bilmirəm”.
Sorğu
Yeni dizaynımız necədir?