Milli Məclisin son toplantısında millət vəkili Siyavuş Novruzov maraqlı fikirlər səsləndirib. Ad çəkməyərək üstüörtülü şəkildə mediada bəzi şəxslər tərəfindən komanda dəyişikliyinin zəruriliyi ilə bağlı fikirlər səsləndirdiyini qınayan millət vəkili, bunun əsassız olduğunu vurğulayıb. Azərbaycanın parlamentli deyil, prezidentli respublika olduğuna diqqət çəkən S.Novruzov, kadr islahatlarının ölkə başçsı tərəfindən atıldığı və bundan sonra da atılacağını bildirib.
Maraqlıdır, Azərbaycanın prezidentli respublika olması millət vəkillərini hansısa təşəbbüs və təkliflə çıxış etmək imkanını məhdudlaşdırmalıdırmı? Doğrudanmı bu ölkədə hər bir yenilik və dəyişikliyi təşəbbüsünü yalnız ölkə başçısından gözləmək lazımdır?
Moderator-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu S.Novruzovun bu yanaşmasının yanlış olduğunu bildirib:
“S.Novruzov öz aləmində hesab edir ki, prezidenti müdafiə edir. Lakin dolayısı yolla onun dedikləri prezidentin əleyhinə işləyir. O, bununla göstərir ki, ölkədə mövcud olan hər şey – yaxşı və pis, dəyişilməyə ehtiyacı olan və olmayan nə varsa bunların hamısı bir nəfərin öhdəsindədir və hər şeyi də o edir. Yəni birbaşa ünvan göstərir. Onun dedikləri bu anlama gəlir ki, ölkədə islahat lazımdırsa, edilmirsə bu da prezidentin məsuliyyətində olan bir məsələdir. Ölkədəki problemlərin ayrı-ayrı strukturlardan qaynaqlandığını iddia edən insanlar doğru yoldadırlar. S.Novruzov da özünün doğru yolda olduğunu düşünür. Lakin onun məntiqi həddindən artıq zəifdir. S.Novruzovun dediklərindən belə çıxır ki, kənd təsərrüfatını, iqtisadiyyatı nə zaman inkişaf etdirmək lazım gəldiyini prezident bilər. Bu, zənnimizcə yanlış yanaşmadır.
Bu komandanın elə üzvləri var ki, heç nəyə yaramırlar. Onlar hətta tənqid edilmək üçün də yaramırlar. Bu cür yaramaz üzvləri saxlamağa ehtiyac varmı?
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bərpa olundu. Onun bütün atributları öz yerini aldı. Yanlışlıqlar aradan qalxdı. Amma ən gərəkli işlərdən biri olmadı. AXC parlamentli respublika idi. Parlmentli respublika ən uğurlu idarəetmə metodu idi. Rəsulzadə dönəmində də belə olmuşdu”.
Bu gün Türkiyədə baş verən proseslərə geriyə doğru atılmış böyük bir addımdır və bu addımın nə qədər yanlış olduğu növbəti hakimiyyət dəyişikliyində öz təsdiqini tapacaq”.
Sorğu
Yeni dizaynımız necədir?