Azərbaycanın Rusiyadakı səfirliyi 9 may 2017-ci il tarixində Moskvada “Bessmertnıy polk” (“Ölməz alay”) hərəkatının yürüşü zamanı azərbaycanlı və erməni gənclər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.
Səfirlikdən verilən məlumata görə, bəyanatda bildirilir ki, iki millət arasında gərginliyin yaradılması məqsədi ilə təxribat törədilib. Qeyd olunur ki, hadisə ilə əlaqədar və gələcəkdə belə halların təkrarlanmaması məqsədi ilə səfir Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyi, Moskva şəhər rəhbərliyi və digər müvafiq federal strukturlarla danışıqlar aparıb. Eyni zamanda vurğulanır ki, səfirlik insident zamanı zərərçəkmiş soydaşlarımızla əlaqə yaradaraq, onların vəziyyətini nəzarətdə saxlayır. Xatırladaq ki, Moskvada hər il keçirilən ənənəvi "Ölməz alay" adlı aksiya zamanı erməni diasporu təxribata əl atıb. Aksiya zamanı erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını tutaraq "Artsax" deyə qışqırıblar. “Belarusskaya” metrostansiyasının yanında ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı gənc diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb ediblər. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb. Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.
Sorğu
Yeni dizaynımız necədir?