Vahid Məhərrəmov: “Məmurlar dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ələ keçirilməsində maraqlıdırlar”
Əmlak Məsələləri Dövlət Komitəsi bu gün növbəti özəlləşdirmə hərracı keçirib. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak “Ağdam Pambıq” MMC olub. Adıçəkilən əmlak 872 min 500 manata özəlləşdirilib. Komitə tərəfindən 04 iyul 2017-ci il tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə isə, ayın ilk hərracı keçiriləcək. Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında pambıqçılıq, quşçuluq, kəndkimya, istehsal, emal və digər müəssisələr var. Onlar “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər səhmdar cəmiyyətləridir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Zaqatala Barama Toxumu Zavodudur. İqtisadçı ekspert Vahid Məhərrəmov deyir ki, özəlləşdirilməyə çıxarılan müəssisələri əslində, məmurlar çoxdan özəlləşdirib. O, oliqarx məmurların bu işi planlı şəkildə həyata keçirdiyini deyir: “Həmin müəssisələr dövlət müəssisəsi kimi səmərəli deyil. Məmurlar onları ələ keçirəndən sonra gəlirli olmadığı meydana çıxır. Dövlət də biznesi stimullaşdırmaq və s. adlarla bu müəssisələri hərraca çıxarır. Məmurların özəlləşdirdikləri təkcə bu deyil. Bu gün geniş torpaq sahibi olan məmurlara daha çox subsidiya verilir. Özəlləşdirmədən sonra sözügedən müəssisələr də əsil iş adamlarının deyil, həmin məmurların əlinə keçəcək. Onlar özəlləşdirilmiş müəssisənin sahibi kimi, yəni həm nazir, həm də tutaq ki, “Ağdam Pambıq” müəssisəsinin işini apara bilməyəcəklər. Çünki bu sahənin mütəxəssisi deyillər. Dövlətdə müxtəlif yüksək vəzifələr tutan həmin məmurlar dövlət büdcəsi hesabına maliyyə vəsaitlərinin ələ keçirilməsində maraqlıdırlar”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?