Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev mayın 31-də Bakıda 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Sərginin əhəmiyyətindən danışarkən "Şahdəniz" layihəsini mütləq qeyd etməliyik. Çünki bəlkə çoxları unudub, "Şahdəniz" layihəsi üzrə kontrakt 1996-cı ildə məhz Neft-Qaz sərgisi zamanı imzalanıb. O vaxt Azərbaycan ancaq neft ölkəsi kimi tanınırdı. "Şahdəniz" layihəsinin icrası Azərbaycanı həm neft, həm qaz hasil edən, ixrac edən ölkəyə çeviribdir. Bu gün "Şahdəniz" layihəsi olmadan regional əməkdaşlığı təsəvvür edə bilmirik. Çünki "Şahdəniz" layihəsi məhz enerji təhlükəsizliyi məsələlərini həll edən layihədir. Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizlik məsələləridir. Hər şey enerjidən asılıdır. Təbii qaz ən ucuz - əlbəttə, əgər bərpa olunan enerjiləri nəzərə almasaq - ekoloji cəhətdən ən təmiz enerji mənbəyidir. İnkişaf etmiş ölkələrin iqtisadi inkişafı da enerji mənbələri ilə bilavasitə əlaqəlidir. Xoşbəxtlikdən Azərbaycanın həm neft, həm də qaz ehtiyatları kifayət qədər böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Beləliklə, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır. "Şahdəniz" yatağının işlənməsi artıq neçə ildir ki, davam etdirilir.
Biz, eyni zamanda, bu illər ərzində çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsini yarada bilmişik. Onların içində əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri xüsusi yer tutur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq 10 ildir istismardadır. Bütün bunlar tarixi layihələrdir. Əgər bunlar olmasaydı, bu layihələrə sərmayə qoyulmasaydı, biz heç bir yerə öz enerji resurslarımızı ixrac edə bilməzdik. Çünki biz qapalı bir ərazidə yaşayırıq, okeanlara, açıq dənizlərə çıxışımız yoxdur. Belə olan halda neft-qaz kəmərləri bizim enerji resurslarımızı xarici bazarlara çıxarır. Və burada təkcə iqtisadi tərəf kifayət etməz, burada mütləq regional əməkdaşlıq olmalıdır. Biz bu əməkdaşlığı tərəfdaşlarla birlikdə yaratmışıq və möhkəmləndiririk".
Prezident vurğulayıb ki, Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır: "Çünki bu layihələrdə on minlərlə insan işləyib. Bu gün bizimlə bərabər bu layihələri icra edən ölkələrdə bu sahədə inkişaf sürətlənir. Əlbəttə ki, ölkələr arasındakı münasibətlərə də bunun çox müsbət təsiri var".
İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri böyük sərvətimizdir: "Şahdəniz" layihəsinin ikinci fazasının işlənməsi də uğurla davam etdirilir. Bildiyiniz kimi, bu gün biz "Cənub Qaz Dəhlizi"nin icrası ilə məşğuluq və bu, dünya miqyasında unikal bir layihədir, Avropa məkanında infrastruktur layihələri arasında birincidir. Bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulubdur. "Cənub Qaz Dəhlizi"nin 4 seqmentində işlər uğurla gedir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?