Sərkisyanın Qərbə sarı artan şübhəli boylanmalarının pərdəarxası; Bakı üçün də təhdid var; polşalı səfir Ermənistanla niyə məzələnib?..
Son zamanlar Ermənistandan Qərbə, xüsusilə də Avropaya (Avropa Birliyi və NATO-ya) sarı boylanmalar xeyli artıb. Söhbət işğalçı ölkənin siyasi rəhbərliyindən gedir. Fakt budur ki, axır vaxtlar prezident Serj Sərkisyan və komanda üzvlərinin səsi Moskvadan daha çox, Brüsseldən, Avropa Birliyi və NATO qərargahlarından gəlir.
Bu kontekstdə öncə onu qeyd edək ki, hazırda Ermənistanla Avropa Birliyi arasında ikitərəfli anlaşma sənədinin imzalanması yönündə danışıqlar intensivləşib və faktiki, sonuncu mərhələyə girib. Sənədin bu ilin payızında (noyabrda) imzalanacağı deyilir. Artıq Avropa Birliyi (AB) bununla bağlı İrəvandan gözləntilərini konkretləşdirib.
“Avropa Birliyi Ermənistandan vədlər yox, konkret hərəkətlər gözləyir”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, bu barədə dünən təşkilatın aparıcı üzv ölkələrindən olan Polşanın Ermənistandakı səfiri Mare Novakovski AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində “noyabrda Ermənistanın müqaviləni imzalamamaq riski varmı” sualına münasibət bildirərkən deyib.
“Biz hazırıq və qapılarımız Ermənistanın üzünə açıqdır. Prezidentlər Donald Tusk və Serj Sərkisyanın birgə bəyanatından çıxış edərək, biz bu sənədin imzalanmasını gözləyirik. Avropa Birliyinin Ermənistandakı nümayəndəsi Svitalskinin də qeyd elədiyi kimi, biz hamımız erməni tərəfdaşlarımızdan konkret hərəkətlər gözləyirik, vədlər yox”, - deyə diplomat açıq bildirib və ardınca zarafatyana əlavə edib: “Baxın, mən barmaqlarımı bir-birinə çarpazlaşdırıb deyirəm: belə bir risk yoxdur, amma bununla belə, barmaqlarımı da çarpazlaşdırıram”, (Adətən uşaqlar yalan danışanda barmaqlarını çarpazlaşdırır -red.)
*** Amma rusun məsəli olmasın, “hər zarafatda bir həqiqət payı var”. İş də elə sözügedən anlaşmanın reallaşmasına rəsmi Moskvanın mümkün reaksiyasındadır. Yəni İrəvan nə qədər özünü müstəqil göstərməyə çalışıb sərbəst addım atmaq istəsə belə, içində Rusiyadan dolayı bir qorxu, xof yaşanır. Polşalı diplomat da bunu bilir və o üzdən bir az da məzəli formada fikrini tamamlayıb.
Ermənistanın xofu isə əsaslıdır. Ən azı ona görə ki, təxminən 4 il öncə də bənzər sənəd müzakirə edilirdi və imzalanmaq ərəfəsində idi. Amma son anda Putin imkan vermədi, 2013-cü il sentyabrın 3-də Sərkisyanı Moskvaya çağırıb qulaqburması verdi və onu Avropa Birliyinə deyil, Avrasiya Birliyinə qoşulmağa məcbur elədi. Özü də o vaxt Ermənistan Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə Dağlıq Qarabağsız daxil oldu. İrəvanın separatçı rejimi ora dartıb aparmaq arzusu ürəyində qaldı. Azərbaycanın qurumdakı dost-tərəfdaşları - Qazaxıstan, Belarus buna imkan vermədi. O vaxt bu qərardan Sərksiyanın sifətinin necə qaraldığı yəqin ki, yaddaşlardadır...
***
Sözsüz ki, Rusiyanın marioneti olan bir “dövlətin” Kremlin izni olmadan rəqib geosiyasi düşərgəyə tərəf getməsi qeyri-mümkün məsələdir. Amma fakt budur ki, Sərkisyan rejimi bununla bir daha Qərbə, Avropaya xəfif şəkildə mesaj göndərir ki, o, istənilən an Rusiyanı satıb Avropanın ağuşuna atıla bilər - özü də Dağlıq Qarabağla birgə. Əlbəttə ki, Moskva bu incə çatdırışların fərqindədir və İrəvanın bütün gedişlərini diqqətlə izləyir. Ola bilsin, o, hələlik yenə Ermənistana hansısa kart-blanş verib, lakin məqamı yetişəndə, maraqlar diktə edəndə Kreml 2013-cü ilin sentyabrındakı kimi yenə “düyməyə” basacaq. Bu, öz yerində, Ermənistan üçün daha iki sərt reallıq var. Məsələ ondadır ki, işğalçı ölkə Avrasiya Birliyi ölkələri kimi, Avropa Birliyi ölkələri ilə də həmsərhəd deyil.
İkincisi isə, Rusiya qarşısında daha sərbəst olan Azərbaycan Avropa Birliyinə qat-qat çox lazımdır, nəinki Ermənistan. Çünki dənizə çıxışı olmayan işğalçı ölkə üstəlik, nə mühüm coğrafi mövqeyə, nə strateji təbii resurslara malikdir; üstəlik də Rusiyadan güclü asılılıq.
Aydındır ki, Azərbaycan öz təbii coğrafi və digər üstünlükləri hesabına Ermənistanın konkret olaraq Dağlıq Qarabağ məsələsində uğurlu mövqe qazanmasına imkan verməyəcək. Brüssellə Bakı daha önəmli bir müqavilə imzalayacaq. Başqa sözlə, İrəvanın təhdidi elə özünə qalacaq.../musavat.com/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?