“Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünyanın enerji xəritəsini yenidən tərtib etdi”.
Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresindəki çıxışında deyib.
“Azərbaycan qədim neft diyarıdır. Əslində biz hesab edirik ki, Azərbaycan neftin vətənidir. Çünki dünyada sənaye üsulu ilə ilk neft məhz Azərbaycanda, Bakıda 1846-cı ildə çıxarılıb. Ondan bir əsr sonra, XX əsrin ortalarında yenə də dünyada ilk dəfə dənizdən neft Xəzərin Azərbaycan sektorunda neftiçilərimiz tərəfindən hasil edilib. Ancaq onda Azərbaycan, xalqımız müstəqil deyildi və təbii sərvətlərimizdən tam istifadə edə bilmirdik. Müstəqillik dövründə Azərbaycan xalqı taleyinin və təbii sərvətlərinin sahibi oldu, bu sərvətlər ölkənin inkişafına, xalqın rifah halının yüksəlməsinə xidmət etdi. Müstəqilliyin ilk illərində Azərbaycan Xəzər dənizini xarici sərmayədarlar;n üzünə açdı, 1994-cü ildən başlayaraq neft sənayesinə böyük sərmayələr qoyulmağa başlandı. Həmin il həm də ona görə əlamətdardır ki, “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulmasında əsas rol oynadı", - deyə dövlət başçısı qeyd edib.
"Bundan sonra, Azərbaycanda çox zəngin qaz yatağı – “Şahdəniz” yatağı aşkar edildi. Bu yataq ehtiyatlarının həcminə görə dünyada ən böyük yataqlardan biridir və Cənub Qaz Dəhlizinin resurs bazasının əsasını təşkil edir. Beləliklə, Azərbaycan müasir dövrdə neft və qaz hasil edən, ixrac edən ölkəyə çevrildi. Ölkəmiz dünya bazarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi. Çünki bizim birbaşa çıxışımız yoxdur.
Bu məqsədlə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri inşa edildi. Ondan bir neçə il əvvəl isə Azərbaycanı Qara dənizlə birləşdirən Bakı-Supsa kəməri tikilmişdi və neft-qaz ehtiyatlarının ixracı üçün böyük şəbəkə yaradılmışdı. Bakı-Ceyhan kəmərinin açılışında Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etdik və o vaxtdan gələcək planlar barədə düşünürdük, müzakirələr aparırdıq və bizim bütün birgə planlarımız həqiqətə çevrildi”, - deyə İ.Əliyev əlavə edib./report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?