Azərbaycan enerji nəhənglərinin gündəmində; İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində əsas diqqətlər Azərbaycan qazını Avropaya çıxaracaq “Cənub Qaz Dəhlizi”nə yönəlib; Ağ Evin neft strategiyasını formalaşdıran Reks Tillerson: “ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək”; Rusiya narahat olacaq, bəs...
İyulun 9-da İstanbulda 22-ci Dünya Neft Konqresi işinə başlayıb. Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, eləcə də dünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərləri iştirak edir.
Konqresdə Azərbaycanı dövlət başçısı İlham Əliyev təmsil edir. SOCAR prezidenti Rövnəq Abdullayev, xarici işlər nazir Elmar Məmmədyarov, prezidentin xarici məsələlər üzrə köməkçisi Novruz Məmmədov da İstanbuldadır. Konqresin rəsmi açılışında Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibi Reks Tillerson və digərlərinin çıxışları dinlənilib.
Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcılara təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr olub. Qeyd edək ki, 1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir.
“Cənub Qaz Dəhlizi” niyə bu qədər önəmlidir?
Azərbaycanın əsas iştirakçı olduğu “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyi məsələsində çoxdan önəmli oyunçu kimi xüsusi diqqət mərkəzindədir. İstanbul konfransında da əsas diqqətlər həm də “Cənub Qaz Dəhlizi”nə yönəlib. Konqresin açılışındakı çıxışında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Bərat Albayrak deyib ki, layihənin əsas seqmentlərindən olan TANAP 2018-ci ilin ortalarında istismara veriləcək. Türkiyənin son illərdə həyata keçirməyə hazırlaşdığı böyük enerji layihələrindən danışan nazir Bakı-Tiflis-Ceyhan kəməri sayəsində Ceyhan limanının dünyanın ən önəmli enerji nəqli mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.
Bərat Albayrak deyib: “Qonşu ölkələrdə yaşanan iqtisadi problemlərlə müqayisə edəndə Türkiyənin cəsarətlə çox mühüm enerji layihələrinin altına imza atdığını görürük. Bunlardan biri də Türkiyənin və Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli yeri olacaq TANAP layihəsidir. Biz layihədə işin yarısından çoxunu görmüşük, gələn ilin ortalarında TANAP layihəsini istismara verəndən sonra Türkiyə və Avropa o xətdən fasiləsiz şəkildə təbii qaz ala biləcək”.
Konfransda iştirak edən ABŞ dövlət katibi Reks Tillerson da çıxışında deyib ki, Azərbaycan qazını Avropaya çıxaran “Cənub Qaz Dəhlizi” Avropanın enerji mənbələrini şaxələndirməyə imkan verəcək və enerji təhlükəsizliyini gücləndirəcək. “”Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan, Türkiyə və Avropanın enerji sahəsində uzunmüddətli mənfəətlərinə uyğundur".
Bu sözləri isə SOCAR prezidenti Rövnəq Abdullayev konqresdəki çıxışı zamanı deyib. R.Abdullayev qeyd edib ki, Azərbaycan qazı digər tədarükçülərlə birlikdə Avropanın təbii qaz tələbatının 7,1 faizini təmin etməkdə önəmli rol oynayacaq.
ABŞ dövlət katibi ilə görüşdə müzakirə yenə qaz kəməri olub
Prezident İlham Əliyev konqresdə iştirak edən ABŞ dövlət katibi ilə ikitərəfli görüş keçirib. Prezident “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb. Reks Tillerson qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.
Prezident XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Dövlətimizin başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirib, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verib.
ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib. Söhbət zamanı həmçinin ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan prezidentinin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşündə də ölkələrimiz arasında energetika sahəsində strateji əhəmiyyətli layihələrin uğurla icra olunduğu qeyd edilib, xüsusilə TANAP layihəsinin gələn il başa çatacağı məmnunluqla vurğulanıb.
İtaliya TAP-dan niyə əlini çəkmir?
“Cənubi Qaz Dəhlizi”nə İstanbulda ciddi dəstək verilməsi bu qaz kəmərinin çəkilməsində yaşanan süni problemlər fonunda baş verir. Məlumdur ki, “Cənub Qaz Dəhlizi”nin daha bir seqmenti olan TAP-a bəzi süni əngəllər yaradılır. Məsələn, son günlər İtaliyanın Apuliya bölgəsinin qubernatoru Miçel Emiliano gözlənilmədən TAP qaz kəməri layihəsinin əleyhdarları sırasında yer alıb. Virtualaz.org İtaliya mətbuatına istinadla xəbər verir ki, ağlasığmaz hərəkətləri ilə tanınan Emiliano bəyan edib ki, TAP-a alternativ olaraq Balkan regionu Apuliya bölgəsi ilə birləşdirən yeni qaz kəmərinin çəkilməsini dəstəkləməyə hazırdır. Bu, “Falcone Group” şirkəti tərəfindən irəli sürülən və heç kimin ciddi qəbul etmədiyi “Eagle LNG” layihəsidir. 2016-cı ilin iyulunda həmin layihəni “yararsız” hesab edərək kənara atan qubernatorun İtaliyada TAP-a qarşı etirazların yenidən vüsət aldığı bir vaxtda gözlənilmədən gündəmə gətirməsi haqlı suallar doğurub.
Azərbaycanın “Şahdəniz” yatağından hasil olunacaq qazı Yunanıstan üzərindən İtaliyanın cənubuna, oradan Albaniyaya nəql etmək üçün çəkilən TAP kəmərinə qarşı İtaliyada neçə vaxtdır etirazlar, təxribatlar təşkil olunur. Bu təxribatların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan “5 Star” hərəkatı və onun rusiyayönümlü lideri, şoumen Beppe Grillodur. Apuliya bölgəsinin bəzi bələdiyyə rəhbərləri də TAP-a qarşı etirazlara dəstək verir. Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, TAP-a qarşı təxribatların arxasında “müəyyən qüvvələr” dayanır və həmin qüvvələr Azərbaycan qazının Avropa bazarlarına nəqlində maraqlı deyil.
Rusiya bu dəstəkdən narahat olacaq, bəs reaksiya nə olacaq?
“Cənub Qaz Dəhlizi”nə dünyanın əsas enerji nəhənglərinin İstanbulda açıq dəstəyi əlbəttə ki, Rusiyanı heç də məmnun etməyəcək. Avropa enerji bazarı uğrunda mübarizəyə Azərbaycanın getdikcə daha fəal qoşulması Kremli ciddi narahat edir ki, bunu artıq gizlətmirlər də. Son olaraq Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini Aleksandr Medvedyevin “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini və effektivliyini şübhə altına alan təxribatçı bəyanatını yada salmaq kifayətdir. Medvedyev bildirib ki, “TAP-ın qazla dolmamaq riski var”, çünki onun nəzərincə, “Azərbaycan əsas neft yataqlarında hasilatı saxlamaq üçün laylara getdikcə daha çox qaz vurmağa məcburdur”.
“Qazprom”un rəsmisi yada salıb ki, TAP kəməri üçün mənbə Azərbaycan qazıdır: “Bu, Azərbaycan tərəfinin seçimi məsələsidir. Və əgər bu situasiyada TAP kəməri boş qalacaqsa, onların seçimidir ki, kəməri boş saxlasınlar və ya hansısa qarşılıqlı anlaşmaya getsinlər. Məsələn, bizimlə...”
Avropanın qaz təchizatı bazarında inhisarını əldən vermək istəməyən Rusiya “Cənub Qaz Dəhlizi”nə qarşı qəzəbini artıq gizlətmir və milyardlar qoyulan qaz kəmərinin “boş qalacağı” ilə az qala təhdid edir. Halbuki elə Rusiya mütəxəssisləri də bilir ki, Azərbaycanın qaz ehtiyatları təkcə “Şahdəniz”lə yekunlaşmır. Azərbaycanda qaz hasilatı gələcəkdə yeni kəşf olunmuş və işlənməkdə olan yataqların ehtiyatları hesabına daha da artacaq.
“Cənub Qaz Dəhlizi”nə İstanbulda ciddi dəstək verilməsi əlbəttə ki, ilk növbədə Azərbaycanın və bu layihənin əsas təşəbbüskarı İlham Əliyevin uğurudur. Bu cür uğurlara isə Rusiyanın qısqanc münasibəti həmişə olub. Bu dəstəyin enerji bazarında rəqabəti, “qaz savaşı”nı daha da qızışdıra biləcəyini ehtimal edən ekspertlər də var.|musavat.com
Sorğu
Yeni dizaynımız necədir?