Bu gün Rusiya və Azərbaycan prezidentlərinin Soçidə görüşü keçiriləcək.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Politloq Qabil Hüseynli baş tutacaq görüş barədə fikirlərini bölüşüb. O bildirib ki, görüşdə bir sıra mühüm məsələlər müzakirə olunacaq: “Bundan bir müddət öncə “İzvestaya” qəzeti Xarici İşlər Nazirliyindəki mənbələrə əsaslanaraq, yazmışdı ki, payız aylarında Putin tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşkil olunacaq. Dünən Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bunu təkzib etdi. Bu gün isə bəlli oldu ki, Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Zənnimcə, görüşün əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi və onun həlli barədə məsələlərdir. Yəqin ki, bu görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan da oraya dəvət olunacaq və fikir alış-verişində olacaqlar. Əlbəttə, Rusiya təkcə Qarabağ məsələsinə görə yox, eyni zamanda Azərbaycanın Qərbə doğru meyllənməsinə görə də narahatdır. Düşünürəm ki, bu görüşdə Qərb oriyentasiyalı siyasət haqqında da fikir mübadiləsində olacaqlar.
Amma Putini daha çox həyəcanlandıran Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-Türmənistan üçlüyünün uğurla formalaşmasıdır. Bu məsələlər Cənubi Qafqazda həm Azərbaycanın, həm də Türkiyənin aparıcı rolunu xeyli artırır. Bax bu nöqtəyi-nəzərdən Putin bölgədəki proseslərlə bağlı Azərbaycan Respublikasının prezidenti ilə müzakirələr aparacaq”./A24.Az
Sorğu
Yeni dizaynımız necədir?