Leyla Yunus: “Tələb edirəm ki, vahid namizəd elan olunsun, Milli Şuranı elan etmək azdır, qəti addımlar atılmalıdır”
Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru, hüquq müdafiəçisi Leyla Yunus hakim Yeni Azərbaycan Partiyasının qurultayının keçirilmə vaxtının tezləşdirilməsini hökumətin siyasi panikaya düşməsiylə əlaqələndirib. Bu barədə açıqlama verən Leyla Yunus bildirib ki, hakim partiya funksionerləri indiyə qədər qurultayın avqustda keçiriləcəyini deyirdilər. Ancaq gözlənilmədən qurultayın bu həftəyə təyin olunması hakimiyyətin narahatçılığının göstəricisidir: “Bəllidir ki, qurultayda YAP-nin namizədi elan olunacaq. Namizədin adının açıqlanması həm üzvlərə, həm xaricə mesajlar vermək məqsədi güdür. Birinci, hakimiyyət bununla mərkəzdənqaçma prosesinin qarşısını almaq istəyir. İkinci, son günlərin repressiyaları cəmiyyətdə və partiyadakı qorxu xofunu bir daha gücləndirməkdədir. Konkret olaraq, sabiq nazirlər Rəhim Qazıyev, İsgəndər Həmidovun, vəkil Aslan İsmayılovun məhkəmə hökmü olmadan polisə aparılması dediklərimə sübutdur. Yaxud Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən sonra “NİDA”çıların repressiya olunması hakimiyyətin siyasi panikada olduğunu bir daha təsdiqləyir. Nəhayət, vəkil Qurban Məmmədovun həbsi ümumiyyətlə absuddur. Düşünürəm ki, hakimiyyət siyasi baxımdan fəal adamları həbs etməklə cəmiyyətdəki qorxunu daha da gücləndirmək istəyir”. Hüquq müdafiəçisi demokratik qüvvələrin fəaliyyətlərini daha da intensivləşdirməsini vacib saydı: “Məncə, Milli Şuranı elan etmək azdır, qəti addımlar atılmalıdır. Ona görə bu həftə Milli Şuranın keçiriləcək toplantısında demokratik qüvvələrin namizədinin elan olunmasını tələb edirəm. Çünki YAP-la eyni vaxtda namizədin elan olunması daxili və xarici auditoriyaya müsbət mesaj olardı. Bu məsələni gecikdirmək zaman baxımdan itki deməkdir. Yaxşı olardı ki, həmin namizəd Rüstəm İbrahimbəyov olsun. Ona görə Rüstəm İbrahimbəyovu ən yaxşı namizəd hesab edirəm ki, onun qalib olmaq şansları çoxdur. Yəni o, siyasətçi deyil, ziyalı və yazıçı kimi daxildə və beynəlxalq aləmdə tanınır. İkinci, o, müstəqil şəxs olduğundan partiyalarla bərabər başqa təbəqələr də ona dəstək verəcək. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov namizədi elan olunandan sonra Bakıya qayıdıb görüşlərə başlamalıdır”.
Sorğu
Yeni dizaynımız necədir?