Yeni hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsində Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə əsas vəzifələri əksini tapıb.
Qanun layihəsinin 4-cü (Silahlı qüvvələrin əsas vəzifələri) maddəsinə əsasən, dinc dövrdə Silahlı Qüvvələrin əsas vəzifələri bunlardır:
1. Azərbaycan Respublikasına qarşı silahlı təcavüzün qarşısnı almağa və onu dəf etməyə hazır olmaq,
2. əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı silahlı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq,
3. hərbi idarəetmə orqanlarının, qoşunların ( qüvvələrin) döyüşə və səfərbərliyə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq,
4. daxili siyasi sabitliyin, konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək,
5. Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə etmək,
6. əhalinin və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülki müdafiəni təşkil etmək,
7. fövqəladə halların aradan qaldırılmasında iştirak etmək,
8. Azərbaycan Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini, enerji və nəqliyyat infrastrukturunu, kommunikasiya qurğularını, xüsusi yükləri, hərbi obyektləri və digər mühüm dövlət obyektlərini mühafizə etmək,
9. azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs-qətimkan tədbiri seçilmiş şəxslərin mühafizəsi və müşayiət olunmasını, həmçinin penitensiar müəssisələrin mühafizəsini həyata keçirmək,
10. öz fəaliyyətinin informasiya təhlükəsizliyini təmin etmək,
11. hərbi idarəetmə orqanlarının və qoşunların (qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik və mənəvi-psixoloji hazırlıq plan və proqramlarını daim təkmilləşdirmək,
12. hərbi texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək, yeniləmək və döyüşə hazır vəziyyətdə saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək,
13. səfərbərlik və hərbi xidmətə çağırış üzrə tədbirlkər kompleksini təkmilləşdirmək,
14. peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi-elmi potensialı artırmaq,
15. beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq,
16. beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək,
17. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə əsasən sülhün və təhlükəsizliyin dəstəklənməsi (bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak etmək və həmin öhdəliklərdən irəli gələn digər vəzifələri yerinə yetirmək,
18. ölkə ərazisinin müdafiəsi üzrə tədbirlərin və mülki müdafiə planı layihəsinin hazırlanmasında iştirak etmək.
Bu bənddə dinc dövrdə yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, real təhdid dövründə Silahlı Qüvvələrin əsas vəzifələri də əksini tapıb:
1. döyüşə və səfərbərliyə hazırlığın səviyyəsini artırmaq, bununla bağlı əlavə tədbirlər kompleksini həyata keçirmək,
2. fövqəladə və hərbi vəziyyət rejimlərinin təmin edilməsi, ərazi müdafiəsi üzrə hazırlıq tədbirlərinin yerinə yetiriləmsində iştirak etmək.
Dinc və real təhdid dövrlərində yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:
1. tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək,
2. ərazi müdafiəsi üzrə vəzifələri yerinə yetirmək,
3. Azərbaycan Respublikasına qarşı xarici hərbi təcavüzü dəf etmək, ölkə ərazisinin müdafiəsi üzrə hərbi əməliyyyatlar aparmaq, düşmən qüvvələrini məğlubiyyətə uğratmaq, onları Azərbaycan Respublikasının maraqlarına uyğun şərtlərlə hərbi əməliyyatları dayandırmağa (sülh danışıqları aparmağa və sülh sazişi bağlamağa ) məcbur etmək.
Qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir. Qanun layihəsi qəbul olunarsa, 1991-ci ildə qüvvəyə minən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunu qüvvədən düşəcək.
Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?