Ermənistanın baş naziri Karen Karapetyan 2018-ci ilin aprelindən sonra baş nazir vəzifəsində qalmaq istəyir.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb. Qəzet qeyd edir ki, Karapetyan artıq baş nazirliklə bağlı təbliğat kampaniyasına başlayıb. Ermənistanın yeni konstitusiyasına əsasən 2018-ci ilin aprelində prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra ölkədə birinci şəxs baş nazir olacaq. Serj Sarkisyan ölkəyə nəzarətini saxlamaq üçün baş nazir olmaq istəyir. Sarkisyan oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ münaqişəsini müzakirə edib İrəvana qayıdandan sonra özünün baş nazir olmasını, Karapetyana isə baş nazirin birinci müavini olaraq hökuməti idarə etməyi təklif etdi. Məlumata görə, Karapetyan bununla razılaşıb. Xüsusilə onu “sən Azərbaycan Prezidenti ilə danışıqlar aparmağa qadir deyilsən” qorxusu ilə fikrində daşındırıblar. Lakin sonradan proseslər qarışdı. Sarkisyan noyabrın 15-də Moskvada Putinlə görüşdü. Görüşün arzuolunmaz atmosferdə keçdiyi deyilir. Məlumatlara görə, Sarkisyan Putindən “Ermənistanın sahibi mənəm, yoxsa başqası?!” deyə soruşub. Ardınca Ermənistan prezidenti Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitinə qatıldı və Avropa İttifaqı ilə saziş imzaladı. Sarkisyanın Kremlin istəyinin əksinə çıxması onun Putinlə görüşdə verdiyi suala müsbət cavab almadığını göstərir. Artıq ox yaydan çıxıb və Rusiyanın Ermənistanın mərkəzdənqaçma davranışlarına göz yummayacağı görünür. Moskvanın adamı olan Karapetyanın Sarkisyanla razılaşmanı pozaraq, baş nazir olmaq üçün kampaniyaya başlaması da Kremlin İrəvanda hücuma keçdiyini sübut edir. Mümkündür ki, 2018-ci il Ermənistanın daxili siyasi mühiti üçün ağır dövr olsun. Lakin erməniləri ən çox narahat edən məsələ Karapetyanın baş nazir olaraq Azərbaycan prezidenti ilə danışıqlar apara bilməyəcəyidir. “Joxvurd” yazır ki, baş nazir ölkənin xarici siyasət, müdafiə və təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyacaq. “Amma Karapetyan indiyə qədər xarici siyasət və güc strukturları haqda heç bir söz deməyib. O heç vaxt Qarabağ münaqişəsi haqda da bir kəlmə söz deməyib. Ən ağrılı məsələ onun İlham Əliyevlə danışıqlar aparmaq gücündə olub-olmamasıdır”, - deyə qəzet qeyd edir./publika.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?