Ermənistanda gələn ilin aprelində səlahiyyət müddəti başa çatandan sonra prezident Serj Sərkisyanın nə işlə məşğul olacağına dair müzakirələr qızışıb.
Bu barədə müxtəlif məlumatlar var. Versiyalardan birinə görə Serj Sərkisyan prezident postunun ləğv olunmasından sonra Təhlükəsizlik Şurasının sədri olacaq, baş nazir isə indiki kimi Aram Karapetyan qalacaq. Lakin Qarabağda müharibə başlasa o zaman Sərkisyan ali baş komandan və baş nazir səlahiyyətlərini üzərinə götürəcək.
Müxalif “Çıxış” blokundan deputat, keçmiş baş nazir Aram Sərkisyan deyir ki, prezident Sərkisyanın gələcək planlarına mane olmaq hələlik onların planlarına daxil deyil. Bununla belə Sərkisyan əlavə edib ki, onların bloku Serj Sərkisyanın baş nazir postunu tutmaqla hakimiyyətini uzatmasına qəti qarşıdır.
Aram Sərkisyana görə Serj Sərkisyan hələ baş nazir postunu tutmaq planlarını elan etmədiyinə görə onlar hansısa aktiv hərəkətə əl atmaq istəmirlər. Lakin zərurət yaransa onlar Sərkisyanın bu planını pozmaq üçün insanları küçələrə çıxaracaqlar.
Keçmiş baş nazir deyib ki, Serj Sərkisyan heç olmasa bu dəfə vədini yerinə yetirib 2015-ci il konstitusiya referendumu ərəfəsində dediyi kimi nə baş nazir, nə spiker, nə də digər dövlət postunu tutmalı deyil. Çünki Qarabağ problemi mövcud olan Ermənistan üçün hakimiyyətin bu cür forması qətiyyən qəbuledilməzdir.
“Mən çox istərdim ki, Sərkisyan bunu başa düşsün. İndiki prezident referendumun təşviqat kampaniyasında dönə-dönə deyirdi ki, bu referendum onun hakimiyyətinin ömrünü uzatmaq üçün keçirilmir. Deyirdi ki, onun qətiyyən belə məqsədi yoxdur və referendum Ermənistanda demokratiya üçün keçirilir. Açıq deyib ki, o, nə baş nazir, nə parlament sədri, nə prezident olmayacaq. Mən çox istəyirəm ki, Serj Sərkisyan bu dəfə vədini yerinə yetirsin. Kişi kimi deyibsə ki, olmayacaq, deməli olmasın, sözünə əməl etsin. Yox, o, vəzifədə qalmaqda davam edəcəksə deməli xalqı aldadıb”-Aram Sərkisyan deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?