Bir sıra saytların bloklanması ilə bağlı apellyasiya şikayətinə dekabrın 5-də Bakı Apellyasiya Məkəməsində hakim Abiddin Hüseynovun sədrliyi ilə baxılması dekabrın 19-u saat 16.30-dək təxirə salınıb. Buna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və üçüncü tərəf qismində cəlb edilmiş bu nazirliyin Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələrinin məhkəməyə gəlməməsi səbəb olub.
Bundan öncə noyabrın 7-də də məhkəmə hakimin xidməti ezamiyyətdə olması səbəbindən təxirə salınmışdı.
Bu il martın 27-də Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bir neçə müxalifətyönümlü İnternet-resursa girişi bloklayıb: azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq” radiosu), azerbaycansaati.com, meydan.tv, həmçinin “Azərbaycan saatı” və Turan TV videokanalları.
Nazirlik məhkəməyə müraciət edərək həmin saytları “cəmiyyətin və dövlətin qanuni maraqlarını pozmaqda”, əsasən dini radikalizmə və digər qanunsuz əməllərə çağırışlarda ittiham edib.
Saytların nümayəndələri ittihamları qəbul etməyib. Onlar bildiriblər ki, Rabitə Nazirliyinin qərarı Avropa İnsan Hüquqları Konvensiyasına, Türkiyədə saytların bloklanması ilə bağlı Strasburq məhkəməsinin qərarına, həmçinin Avropa Şurası Nazirlər Komitəsinin 2016-cı il qətnaməsinə ziddir. Belə ki, həmin qətnaməyə görə məhdudiyyət ancaq konkret informasiyaya qoyula bilr.
Bununla belə, mayın 12-də Səbayel Rayon Məhkəməsi Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin iddiasını təmin edib.
Xatırladaq ki, bu ilin iyununda AzadlıqRadiosu Azərbaycan hökumətinin onun ölkədəki fəaliyyətini son üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
AzadlıqRadiosunun prezidenti Tomas Kent deyib: “Azərbaycanın ədliyyə sistemi tərəfindən bizə qarşı irəli sürülmüş ittihamların ləğvi istiqamətində heç bir irəliləyişə nail ola bilməmişik. Bu ittihamlar əsassızdır və Azərbaycan AİHM-in yurisdiksiyasına daxil olduğundan biz bu məsələ ilə bağlı məhz bu məhkəməyə müraciət etmək qərarına gəlmişik”.
Azərbaycan məmurları 2014-cü ilin dekabrında AzadlıqRadiosunun Bakı bürosuna reyd keçirib – vergi ilə əlaqədar iki ittiham da daxil, bir sıra ittihamlar irəli sürüb. AzadlıqRadiosu dəfələrlə bu ittihamların qondarma olduğunu bildirib.
AzadlıqRadiosu vergi ilə bağlı ittihamların ölkənin ədliyyə sisteminin bütün səviyyələrində ləğvinə çalışıb (başqa ittihamlara 2016-cı ildə xitam verilib), lakin Ali Məhkəmə bu məsələnin baxılmasını, hökumətin rəyincə, bununla parallel aparılan cinayət işi başa çatanacan təxirə salıb.
AzadlıqRadiosunun vəkilləri cinayət təhqiqatının legitimliyini şübhə altına alıblar. Bu iş reydlə eyni vaxtda başlanıb və Azərbaycan qanunlarına görə, 2016-cı ildə başa çatdırılmalı olduğuna baxmayaraq indiyədək uzadılır. Hökumət indiyədək bu işlə bağlı nə konkret ittiham irəli sürüb, nə də hesabat verib.
Tomas Kent daha sonra deyib: “Biz bu qənaətə gəlirik ki, bu qondarma təhqiqat sadəcə dolaşıqlıq yaratmaq məqsədi güdür. Təhqiqat qanun pozuntusuna dair heç bir dəlil aşkar etməsə də, bizim Bakı büromuzu hüquqi baxımdan fəalityyətsiz vəziyyətə gətirib və jurnalistlərimiz üçün təhdid ab-havası yaradıb”.
AzadlıqRadiosunun AİHM-ə iyun ayında təqdim olunmuş müraciəti Avropa İnsan Haqları Konvensiyasının 6.1 və 13-cü Maddələrinə əsaslanır. Azərbaycanın da imzaladığı bu Konvensiya ağlabatan vaxt müddətində ədalətli məhkəmənin keçirilməsi və etibarlı müdafiə hüququ verir.
Azərbaycan məhkəmələrində müdafiə olunmaq imkanı istəyən AzadlıqRadiosu, Bakı bürosunun statusu məsələsinin həlli üçün dəfələrlə Azərbaycanın baş prokuroruna müraciət edib.
Bu ilin avqust ayında AzadlıqRadiosu bu cinayət təhqiqatı barədə son məlumatların verilməsini, şirkətin ştamp, möhür və sənədlərinin qaytarılmasını rica edib. Bunlar 2014-cü ildə keçirilmiş reyd zamanı müsadirə olunub və büro təkrar açılacağı təqdirdə bunlara ehtiyac olacaq.
AzadlıqRadiosu eyni zamanda büronun dondurulmuş bank hesablarının açılmasını istəyib. Bu hesablarda 70 min dollar pul var. Hakimiyyət AzadlıqRadiosunun məktubunu aldığını bildirsə də, ona heç bir cavab verməyib.
Bakı Apellyasiya Məhkəməsində yuxarıda adları çəkilən saytların bloklanması ilə bağlı məhkəmə prosesləri başa çatdıqdan sonra sayların Avropa Məhkməsinə müraciət edəcəyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?