"11 aprel seçkiləri Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə və konstitusiyasına uyğun keçirilməyib. Azərbaycan xalqının iradəsini ifadə etmir, legitim deyil və Milli Şura onun nəticələrini tanımır"
Bu barədə Milli Şuranın seçkinin nəticələri ilə bağlı yaydığı bəyanatda deyilir.
Müxalif birlik hesab edir ki, seçki milli qanunvericiliyin, beynəlxalq standartların kobud şəkildə pozulması, fundamental hüquq və azadlıqların məhdudlaşdırıldığı şəraitdə keçirilib.
Sənəddə müxalif insanların həbsxanalarda olduğu, vətəndaş cəmiyyətinin tamamilə çökdürüldüyü vurğulanıb.
Milli Şura qeyd edib ki, ölkədə seçki institutları məhv edilib, ədalətli məhkəmə sistemi mövcud deyil.
Müxalif təşkilatın iddiasına görə, reallıqda səsverməyə seçicilərin 15-16 faizi gedib.
Milli Şuranın mövqe sənədində seçki mühiti ayrı-ayrı bölmələr üzrə geniş şərh edilib. Sənədin seçki günü (aprelin 11-də) yaşananlarla bağlı bölməsində gün boyunca əvvəlki seçkilərdəki saxtakarlıqların təkrar edildiyi vurğulanır. Qeyd edilir ki, seçki günü "karusellər" təşkil edilib, yəni iddilara görə, bəzi şəxslər dəfələrlə səs veriblər.
Habelə bildirildiyinə görə, əksər məntəqələrdə seçki qutularına topa bülletenlərin atılması müşahidə edilib.
Milli Şura hesab edir ki, hərbi məntəqələrdə və həbsxanalarda keçirilən səsvermə ümumiyyətlə hökümətin birbaşa nəzarəti altında baş verib.
"Heç bir rəqabət mühiti olmadan keçirildiyindən Milli Şura Azərbaycan xalqının seçki hüququnun özünə qaytarılması, ölkəmizdə azad, ədalətli seçkilərin keçirilməsi uğrunda mübarizəsini davam etdirəcək", sənədin sonunda vurğulanır.
Öz növbəsində iqtidarda olan Yeni Azərbaycan Partiyası seçkilərin demokratik, azad keçirildiyini, nəticələrinin xalqın iradəsini ifadə etdiyini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?