Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev aprelin 18-də and içəcək.
Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov məlumat verib. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək.
Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə bu gün olub. Konstitusiya məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan edib. Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Xatırladaq ki, Aprelin 11-də keçirilmiş prezident seçkilərində keçirilən səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 %, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.12 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74% səs toplayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?