Fransada Azərbaycanın, France Televisions qrupunun tərəfini saxlamış məhkəmə qərarından apellyasiya şikayətinə baxılacaq.
GUNDEMXEBER.BİZ bildirir ki, bu barədə Paris-Normandie nəşri məlumat yayıb.
Daha əvvəl yazdığımız kimi, fransız məhkəməsi Azərbaycan hökumətinin France 2 telekanalına, həmçinin onun əməkdaşları – Elis Lyusya və Loran Rişara qarşı iddiasını rədd edib. Azərbaycanın apellyasiya şikayətinə sentyabrın 13-də baxılacaq.
Xatırladaq ki, 2015-ci ilin sentyabrında həmin jurnalistlər qərəzli reportaj hazırlayaraq, faktiki olaraq Azərbaycana böhtan atıblar. Reportajda ölkə "diktatura" adlandırılıb, onun rəhbərliyinin ünvanına təhqirlər səsləndirilib. Azərbaycan vurulmuş zərərə görə 1 avro simvolik cərimə, o cümlədən Fransanın müvafiq orqanlarının bu telekanala yayım qadağası tətbiq etməsini, ya da 12 min avro cərimələməsini tələb edirdi.
Fransız məhkəməsində Azərbaycanın maraqlarını təmsil edən Olivye Pardo daha əvvəl qəbul edilmiş qərarla bağlı öz hiddətini gizlətmir və ona yenidən baxılacağına ümid edir.
"Azərbaycanı diktatura adlandırmaq gülməlidir və biz mövqeyimizi yaxşı əsaslandırmışıq. Bu ölkə İnsan Hüquqları üzrə Avropa Konvensiyasını imzalayıb və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasındadır", - deyə Olivye Pardo bildirib.
O həmçinin vurğulayıb ki, Azərbaycan bu böhtanı dayandırmaq üçün axıra qədər gedəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?