Müsavat repressiya aktlarına qarşı bəyanat yayıb Müsavat Partiyası Məclisinin növbəti toplantısında bəyanat qəbul edilib. Bəyanatda qeyd olunub ki, Müsavat Partiyasının 04 yanvar 2013-cü ildə keçirilən Məclisində bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərində partiyanın namizədi kimi Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyi irəli sürüldükdən sonra partiya üzvlərinə qarşı repressiyalar daha da güclənməkdədir. Bəyanatda qeyd olunur: "Bu müddət ərzində Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun İsmayıllı hadisələrinə görə şərlənərək həbs edilməsi, Bakı, Gəncə və Sumqayıt şəhərlərində Müsavat fəallarının sutkalıq həbslərlə cəzalandırılması, 28 may - Respublika günü tədbirində partiya başqanının müşaviri Mustafa Hacıbəylinin həbs olunması və son olaraq Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov haqqında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işinin açılması və onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi deyilənləri təsfiqləyir. Məlumdur ki, Y.Sadıqov Lənkəran şəhərində ona qarşı təxribat törədən bir şəxsin ifadəsi əsasında həbs olunub. Bu ifadənin sifarişli olduğu Y.Sadıqovu tanıyan insanlarda şübhə doğurmur. Müsavat Partiyasının Məclisi bildirir ki müsavatçılara qarşı həyata keçirilən təqib və təzyiqlər, eləcə də Y.Sadıqovun şərlənərək həbs olunmasının gerçək motivi onların fəal müxalifətçi mövqeyində dayanmasıdır. Y.Sadıqov Müsavat Partiyasının başqanı İsa Qəmbərin yanvar ayında Lənkərana dəvət edilməsinin təçəbbüskarlarından biri olub. O, sosial şəbəkələrdə hakimiyyəti ardıcıl olaraq açıq şəkildə tənqid etməklə yanaşı, Lənkəranda və ətraf rayonlarda cəmiyyəti seçki ilində fəallığa səsləyib. Müsavat Partiyasının Məclisi hakimiyyəti repressiyalardan əl çəkməyə çağırır, Tofiq Yaqublunun və Yadigar Sadıqovun, eləcə də bütün digər siyasi məhbusların dərhal həbsdən azad olunmasını və onlara qarşı qanunsuzluqlara rəvac verənlərin məsuliyyətə cəlb olunmasını tələb edir. Müsavat Partiyasının Məclisi, eyni zamanda onu da bəyan edir ki, partiya üzvlərinin müdafiəsi istiqamətində qanunun icazə verdiyi bütün metodlardan istifadə edəcək".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?