Müsavat Partiyasının Divanı partiya başqanının müşaviri Yadigar Sadıqovun həbsi ilə bağlı növbıti dəfə bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən musavat.com-a daxil olan bəyanatın mətnində bildirilir:
"Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov barəsində 27 iyun 2013-cü il tarixində Lənkəran şəhər rayon Polis Şöbəsində Rəşad Kərimov adlı şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi açılmış və 29 iyun 2013-cü il tarixdə Lənkəran rayon məhkəməsi istintaq orqanının təqdimatına əsasən onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb. Qərar çıxarıldıqdan bir saat sonra Yadigar Sadıqov tələm-tələsik Bakı şəhərinin Kürdəxanı İstintaq Təcridxanasına gətirilib. Təcridxana rəhbərliyi 30 iyun 2013-cü il tarixdə Y.Sadıqovun qohumu tərəfindən ona gətirilmiş zəruri gigiyena ləvazimatları və ərzaqdan ibarət sovqatı qəbul etməkdən əsassız olaraq imtina edib. Müsavat Partiyası Y.Sadıqovun şərlənərək həbs olunmasını onun Müsavat Partiyası başqanı, prezidentliyə namizəd İsa Qəmbəri yanvar ayında Lənkərana dəvət etməsi, rayonda baş verən qanunsuzluqları sosial şəbəkələrdə açıq şəkildə yayması, Müsavat ideyalarını Lənkəran və ətraf rayonlarda yorulmadan ardıcıl olaraq təbliğ etməsinə cavab olaraq hakimiyyət tərəfindən həyata keçirildiyini və bu həbsin siyasi xarakterli olduğunu bildirir. Müsavat Partiyası Y.Sadıqova qarşı qanunsuzluqlara son qoyulmasını və onun qeyri-şərtsiz həbsdən dərhal azad olunmasını tələb edir". Müsavat Partiyası, eyni zamanda onu da bəyan edir ki, partiya başqanının müşaviri Y.Sadıqovun müdafiəsi istiqamətində qanunun icazə verdiyi bütün metodlardan istifadə edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?