Eldəniz Quliyev: “Taleh Əliyev “agent” deyəndə məni nəzərdə tutur” Milli Şuranın üzvü, kinorejissor Eldəniz Quliyevlə Ümid Partiyasının rəhbərliyi arasında münaqişə getdikcə böyüyür. E.Quliyevin Ümid Partiyasının sədri İqbal Ağazadəyə qarşı mətbuatda səsləndirdiyi fikirlərə onun müavini Taleh Əliyev sərt cavab verib. T.Əliyev dolayısı ilə E.Quliyevi separatizmi alovlandırmağa xidmət edən agentura şəbəkəsi ilə əlaqələndirib. T.Əliyevin ittihamlarına cavabında Eldəniz Quliyev bildirdi ki, Taleh Əliyevin bu fikirləri çox ciddi ittiham, cinayətdə suçlamadır: “Taleh Əliyev "agent" deyəndə məni nəzərdə tutur. Çünki o həmin açıqlamanı mənə cavab olaraq verib. Bu, artıq mənə qarşı ciddi ittihamdır. Bütün ömrünü demokratik dəyərlərin bərqərar olmasına həsr eləmiş bir adama qarşı o cür ittihamın sübuta yetirilməsini tələb edirəm. Taleh Əliyevin ləyaqəti, cəsarəti çatırsa, mənə qarşı bu ittihamında dediyi fikirləri Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib dəqiqləşdirsin. Eldəniz Quliyev agentdirsə, separatçılığı alovlandırmaq üçün Azərbaycanda fəaliyyət göstərirsə MTN bunu araşdırmalıdır. Taleh Əliyev bu cür cinayəti bilib indiyə qədər MTN-ə müraciət etməyibsə, bunun özü cinayət məsuliyyəti daşıyır. Ona görə də Taleh dilə gətirdiyi ittihamla bağlı MTN-ə müraciət etməlidir. Əgər sübuta yetirilməsə, Taleh Əliyev cavab verməlidir. Mən onun məni agent adlandırmasını ittiham, şərəf və təhqir kimi qəbul edirəm". E.Quliyev məhkəməyə müraciət etmək fikrində olmadığını dedi: “Mənim bu günə qədər yaşam tərzimdə məhkəməyə üz tutmaq olmayıb. Yəqin bundan sonra da hər halda olmayacaq. Lakin Talehdən tələb edirəm ki, mənə qarşı irəli sürdüyü ittihamla bağlı müvafiq hüquq-mühafizə orqanına göndərsin. Əgər belə olmayacağı və ya lazımi orqanlar ittihamda deyilənləri sübuta yetirməsələr mən Taleh Əliyevin üzünə bir neçə kəlmə söz deyəcəyəm. Onda görüm üzümə necə baxa biləcək. Yeri gəlmişkən, Ümid Partiyasının sədri İqbal Ağazadə də mənə ”Yeni Müsavat"da cavab verərək deyib ki, Eldəniz Quliyevə cavab verməyə vaxtım, həvəsim və səviyyəm imkan vermir. Sonuncu dediyi ilə razılaşıram. Onun səviyyəsi həqiqətən də mənimlə danışmağa imkan vermir. Çünki hələ Eldəniz Quliyev səviyyəsinə çatmalıdır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?