Çox təəssüf ki, Qərb diplomatları yalnız missiyalarını başa vurnadan sonra həqiqətləri dilə gətirməyə başlayırlar. Bu isə nə qədər acı olsa da, onların təmsil etdikləri dövlətin münasibəti yox, problemi çox yaxından bilən bir diplomatın mövqeyi olur. Ona görə də ABŞ səfiri R.Millzin də açıqlamalarına bu səpkidən yanaşmaq lazım gəlir.
Əlbəttə, bir diplomatın da mövqeyi bəzən önəmli olur, xüsusən də bu diplomat iki münaqişə ölkəsində diplomatik missiya yerinə yetiribsə, - o səbəbdən ki, müvafiq strukturlar bu məsələlərlə bağlı siyasət yürüdürkən onların da rəyini öyrənmiş olurlar.
Amma bu məsələdə ən maraqlı detal Rusiya XİN-nin sözçüsü M.Zaxarovanın “iradı” oldu. Bəli, mətbuata növbəti açıqalama verən xanım Zaxarova ABŞ diplomatını “Ermənistanın daxili işlərinə qarışmaq”da ittiham etdi.
Zaxarovanın “irad”ını yalnız belə yozmaq olardı ki, Dağlıq Qarabağ haqqında açıqlamalar və bəyanatlar vermək yalnız və yalnız Kremlin müstəsna hüququdur, çünki xanım Zaxarova ən azı xatırlamalı idi ki, Millzin təmsil etdiyi ölkə də -ABŞ da Minsk Qrupunun həmsədrlərindən biridir, özü də bərabərhüquqlu həmsədrlərindən biridir, belə ki, hələ heç bir həmsədrə əlahiddə hüquqlar verilməyib və onlar nizamlanma prosesində bərabər tərəflər kimi iştirak edirlər.
Bu, məsələnin bir tərəfidir. Digər tərfdən, görəsən, ABŞ diplomatı nə deyibdir ki, bu, Rusiya XİN sözçüsü M.Zaxarovanı bu qədər qeyzləndiribdir? Məgər bu vaxta qədər rusiyalı politoloqlar, xüsusən də Kremlin “siyasi mətbəx”inə yaxın olan insanlar, məsələn, elə A.Duqin də eyni bəyanatla çıxış etmirdilərmi? Məgər onlar demirdilər ki, İrəvan danışıqlar prosesinin nəhayət ki, start götürməsi üçün ilk növbədə ətraf rayonları qaytarmalıdır?..
Bəli, deyirdilər. Sadəcə, xanım Zaxarova Qarabağ mövzusunda daim xüsusi canfəşanlığı ilə seçilib, sanki bu qadın ermənipərəst mövqeyi ilə erməni əsilli nazirin – S.Lavrovun xoşuna gələməyə çalışır. Amma heç sözsüz ki, bu məsələ adi məişət çərçivələrindən daha geniş bir çərçivədə yozulmalı məqamdır və bunu da əvvəldə qeyd etdik: Kreml düşünür ki, Qarabağla bağlı mühüm açıqlamalar yalnız bir ünvandan - Moskvadan daxil ola bilər...
O ki qaldı ABŞ-ın özünün problemlə bağlı mövqeyindəki yeni məqamlara, az müddət bundan əvvəl prezident D.Tramp da yaxın ayların Dağlıq Qarabağ problemi üçün əlamətdar ola biləcəyini qeyd etmişdi.
Ən əsası isə budur ki, elə bu günlərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Boltonun regiona səfəri başlayır və diplomat, qrafikində hər hansı bir dəyişiklik olmasa, ən yaxın müddətdə Bakıda və İrəvanda olacaq. Səfir Millzin bəyanatının məhz bu ərəfədəcə səslənməsinin mühüm əhəmiyyəti var: ola bilsin ki, onun mövqeyi ABŞ prezidentinin köməkçisinin mövqeyi üçün bir fundament olacaq, ona görə ki, Bolton da problemə yanaşmasında ilk növbədəcə səfirin mövqeyini nəzərə alıb, ona istinad edəcək. Hər bir halda, dövlətçilik mövqeyi bunu deməyə əsas verir. Əlbəttə, müəyyən kənaraçıxmalar da mümkündür, amma qətiyyən düşünmürük bunlar çox böyük ola bilər...
O ki qaldı bir daha Rusiyaya, Kreml hələ də Ermənistanın adından danışır, amma məlum deyil ki, bu, hansı Ermənistandır? Əsl Ermənistan bu gün daha çox seçkilə məşğuldur və seçkinin nəticələri də böyük ehtimalla Rusiyanın istədiyi kimi olmayacaq. Rusiya isə danışmaqda və başqalarının bəyanatlarına korrektələr verməkdə davam edir. Amma bir detalı yaddan çıxarırlar ki, onlar hələ də S.Sarqsyan Ermənistanı adından danışmaqda davam edirlər, o Ermənistan isə yoxdur, əvəzində iki aydan sonra “Sorosun uşaqları” və “Ağ Evin uşaqları” ayyamalarının gerçək olması ehtimalı vardır. Bəs onda nə olacaq? Bu sual isə M.Zaxarovalıq olmasa da, hər halda, Rusiya XİN-nin analitik xidmətinin təhqiqat və ya araşdırma predmeti olmalıdır.
Düşünürük ki, N.Paşinyanın xanımının möhkəm “sülhpərvərlik” missiyasına başlaması da təsadüfi deyil, bu, ilk növbədə onun göstəricisidir ki, İrəvan Moskva sarıdan arxayın deyil. Bəli, ermənilər də tamamilə küt deyillər, bilirlər ki, Moksvadan məsafə götürməyə başlasalar, onda Kreml də boş durmayacaq, onları cəzalandırmaq fikrinə düşəcəkdir. Bunun isə indiki şəraitdə ən optimal yolu Dağlıq Qarabağdan keçir.
Ona görə də bərk “sülhpərvərlik” edir, indidən dünyanı (daha dəqiq desək: dünyadakı ermənipərəst qüvvələri!) ayıq-sayıq salmağa çalışırlar, çünki Moskva - İrəvan müstəvisində mütləq problemlər yaranacaq, çünki “iki stul”da və yaxud da “iki qucaq”da, xüsusən də biri-birinə rəqib olan iki tərəfin qucağında əyləşmək heç də asan məsələ deyil, hətta deyərdik ki, görünməmiş “şücaət”dir...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?