Almaniya Parlamentinin nümayəndə heyəti Alman Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədi ilə oktyabrın 29-31-də Bakıda səfərdə olacaq.
Bu barədə “Report”a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Nümayəndə heyətinə Bundestaqın deputatı Maks Ştraubinger rəhbərlik edəcək.
“İPS” proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü 2019-cu il martın 1-dən iyulun 31-dək Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edirlər. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi proseslərinin yaxından şahidi olmaqdır. Təqaüdçülər Almaniya parlamentinin bir deputatının yanında işləyir, eyni zamanda Berlin universitetlərinin birində tələbə olaraq qeydiyyata alınırlar. Taqaüdçülər həmçinin parlamentdəki fəaliyyətlərində əlavə olaraq universitetin mühazirə və seminarlarına da qatıla bilirlər. Proqram Bundestaqın sədrinin xüsusi himayəsi və Berlinin 3 universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri, habelə aylıq təqaüd Almaniya Bundestaqı tərəfindən ödənilir.
Hər ilin dekabr ayından etibarən “İPS” proqramında iştirak etmək üçün müraciət ərizələri Almaniyanın Azəbaycandakı səfirliyinə təqdim olunur.
Səfər çərçivəsində Almaniyanın nümayəndə heyəti Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrinnin təmsilçiləri ilə görüşlər keçirəcəklər. Mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün “İPS” proqramının məzunları ilə də görüş nəzərdə tutulub. Bir çox ölkədə olduğu kimi Azərbaycanda da “İPS” məzunları şəbəkələşmək məqsədilə birlik təsis edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?