Paşinyan baş nazir olan gündən onun mövcud parlamentlə uzağa gedə bilməyəcəyi və bunun üçün də növbədənkənar parlament seçkiləri keçirmək üçün dirəniş göstərəcəyi məlum idi.
GundemXeber.Az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, parlament çoxluğu Sərkisyanın partiyasında idi və istənilən vaxt Paşinyanın təkliflərini bloka salırdı: “Son bir neçə ayda isə bu proses daha da intensiv gedirdi. Hakimiyyətə gələn zaman onu müdafiə etmiş, sonradan nazir postları almış Çiçəklənən Ermənistan və Daşnaksütyun partiyaları bu gün onun əleyhinədir. Rusiyanın dəstəyi ilə Köçəryan ətrafına yeni koalisiya toplamaqla məşğuldur. Hazırda Paşinyan üçün baş verənlər bir kabusa çevrilib. O səbəbdən də imkanı daxilində çox şeyə nəzarəti özü həyata keçirtməyə çalışır. Eyni zamanda, onun addımlarını qanunvericilik orqanının səlahiyyətlərini ələ keçirtmək kimi də qiymətləndirmək olmaz. O istəsə belə bunu edə bilməz”.
Ekspert vurğulayıb ki, Paşinyanın çoxluğun qərarı olmadan hüquqi bazası olan legitim qərarlar vermək imkanı yoxdur:
“Belə qərarlar qəbul etməklə, o, sonunu yaxınlaşdıra bilər. Bunu anladığından və qorxduğundan atdığı addımlarda müəyyən sərhəd var. Amma bir ayrı məsələ də var ki, Paşinyan hazırda qorunmaq, təxribatlardan yayınmaq üçün özünə yaxın yeni parlament formalaşana qədər qeyri-rəsmi olaraq bir çox strukturlara nəzarət edir, göstərişlər verir və s. Belə addımlar atmaqda arxayınçılığı isə xalqdan olan dəstəyini qorumaqda davam etməsindən qaynaqlanır”.
Ekspert qeyd edib ki, amma bu hal uzun sürə bilməz:
“Ölkədəki siyasi böhran yaxın zamanlarda nizama salınmasa, idarəetmə hazırkı səviyyədə davam etsə, bir müddət sonra Paşinyan bilərəkdən və ya bilməyərəkdən açıq avtoritar siyasət yürütməyə məcbur olacaq. Bunun isə nə qədər sürəcəyi bəlli deyil. Aydındır ki, hazırda ona müxalif olan güclər hər an onun səhvlər etməsini gözləyir. Çünki bu gün hələ revanş üçün şəraitləri olmadığından onlar proseslərin əsas hissəsini axına buraxıb. Eyni zamanda gizli şəkildə provokasiyalar etməklə Paşinyanın zəifləməsini istəyirlər. Əgər əksəriyyəti Paşinyanı dəstəkləyəcək yeni parlament seçilməsə, biz Ermənistanda fərqli bir situasiyanın başlamasının şahidi olacağıq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?