Nikol Paşinyan baş nazir vəzifəsindən istefa verəcəyini açıqlayıb.
O, bu barədə dünən axşam İrəvanın Baqramyan prospektindəki mitinqdə danışıb.
Onun sözlərinə görə, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyasından olan nazirlərin istefaları de-yure təsdiq olunduqdan sonra o da vəzifəsindən gedəcək:
“Birincisi heç kim fikirləşməsin ki, mən baş nazir vəzifəsindən asılı qalmışam. “7+1” gündən sonra parlament yeni baş nazir təyin etməlidir. Əgər bu müddətdə baş nazir seçilməsə, daha “7+1” gündən sonra bir daha seçkilər keçirilməlidir.
Əgər yenə də baş nazir təyin edilməzsə, növbədənkənar parlament seçkiləri təyin edilməlidir.
Bir neçə gün sonra mən istefa verəcəm. Əgər xalq növbədənkənar parlament seçkilərinin keçirilməsinə tərəfdar olsa, biz parlamentə imkan verməyəcəyik ki, yeni baş nazir seçsin.
İstefamdan sonra mən baş nazir vəzifələrini icra edəcəm. Biz indi 16 apreldə yarıda qoyduğumuz işi davam etdirməliyik”.
Paşinyan həmçinin qeyd edib ki, ölkədə parlament seçkiləri noyabr ayının axırı, dekabrın əvvəli keçiriləcək.
Daha sonra Paşinyan deputatlarla yaranmış vəziyyət barədə danışıqlar aparmaq üçün parlament binasına gedib.
Xatırladaq ki, bundan öncə Ermənistan parlamenti i konstitusiyanın 50-ci maddəsinə - baş nazirin istefasından sonra seçkilərin keçirilməsinin labüdlüyü barədə maddəyə düzəliş edərək onu dəyişməyə qərar verib.
Düzəliş parlament tərəfindən qəbul edilib və qərarla razı olmayan Paşinyan xalqı Baqramyan prospektinə dəvət edərək parlament binasını mühasirəyə alıb, deputatların oranı tərk etməsinə icazə verməyib.
Nikol Paşinyanın istefa verəcəyi təqdirdə Ermənistan parlamentli respublika sisteminə keçdikdən sonra o, ölkənin istefa verən ikinci baş naziri olacaq./Teleqraf.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?