Fransa beynəlxalq aləmdə qondarma rejimi legitimləşdirməyə cəhd edir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Fransa Minsk Qrupunun həmsədr ölkəsidir, amma eyni zamanda Fransanın Ermənistan ilə siyasi münasibətləri Azərbaycana münasibətdən kəskin fərqlənir:
“İki ölkə arasındakı münasibətlərdə Fransa hər zaman Ermənistanı himayə edən mövqedən çıxış edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri də bu baxımdan dəyərləndirilməlidir. Fransız rəsmilər qondarma rejim rəhbərinin ölkələrinə səfərinin rəsmi dəvət olmadığını və dövlət rəsmiləri ilə görüşmədiyini bildirsələr də, Bako Saakyanın səfərləri qondarma rejimin xarici dünyaya yeni bir pəncərə açması deməkdir. Bundan başqa Fransa şəhərlərinin meriyaları qanunsuz olaraq qondarma rejimin şəhərləri və qəsəbələri ilə “qardaş şəhərlər” müqaviləsi imzalayırlar. Fransa hökuməti bu səfərlərin qarşısını almaqdansa, bunu səyahət sərbəstliyi və insan haqları ilə izah etməyə çalışır”.
Politoloq vurğulayıb ki, Azərbaycan bütün bu neqativ hərəkətlərə qarşı ən yüksək səviyyədə etirazını bildirir:
“Azərbaycan PA rəsmisi Hikmət Hacıyev “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik” deyərək məsələyə münasibət bildirib. Bu məsələ ilə bağlı Fransanın Azərbaycandakı səfiri də XİN-ə çağırılıb və izahat tələb edilib. Eyni zamanda, Azərbaycanın Fransadakı səfirliyinin bu işlə bağlı məsələni araşdırmaq təlimatı verilib”.
Politoloq qeyd edib ki, Fransanın Minsk Qrupu həmsədri olmasına rəğmən, qondarma rejimlə bu cür isti münasibətləri əlbəttə qəbuledilməzdir:
“Azərbaycan buna görə Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını tələb edə bilər. Amma məsələ budur ki, bunun mexanizmi olduqca qarışıqdır. Eyni zamanda bu, ən son tələb ola bilər. Azərbaycan bu problemi əsasən diplomatik yollarla həll etməyə çalışır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?