İyulun 24-də Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Berlində Almaniya Elm və Siyasət Fondunun təşkil etdiyi toplantıya qatılıb. Yığıncağa Avropanın müxtəlif ölkələrindəki Azərbaycan diaspor nümayəndələri də qatılıb. Bu haqda xəbəri Britaniya Leyboristlər Partiyasının London bölməsinin rəhbəri əslən Azərbaycandan olan Murad Həsənli öz facebook səhifəsində paylaşıb. Murad Həsənli bildirib ki, Rüstəm İbrahimbəyov Elm və Siyasət Fondunda keçirilən müzakirələrə Azərbaycanın birləşmiş müxalifətinin prezidentliyə vahid namizədi kimi iştirak edib.
Yada salaq ki, iyulun 22-də Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Avropa turnesinə çıxıb. Bir neçə Avropa ölkəsində olacaq Rüstəm İbrahimbəyov həm Avropa İnstitutlarının rəhbərləri, həm də Diaspor Qurumlarının təmsilçiləri ilə görüşməyi planlaşdırır. Turnenin ilk dayanacağı isə bəlli olduğu kimi Almaniyadır. Ötən gün Elm və Siyasət Fondundakı görüşlərdən sonra Rüstəm İbrahimbəyov Almaniya Xarici İşlər Nazirliyində qəbul edilib. “Yeni Müsavat”ın əldə etdiyi xəbərlərə görə, Milli Şura sədri Almaniyanın xarici siyasət idarəsinin təmsilçilərinə Azərbaycanla bağlı planlarından danışıb. Görüşdə əsas müzakirə mövzusu olan məsələlərdən biri də hakimiyyətin uzun illər ölkəni avtoritar qaydada idarə etməsi və hər dəfə olduğu kimi bu dəfə də seçki mühitinin demokratikləşdirilməsi yolunda dayanan sərt əngəllərdir. Söhbət sırasında Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışının əngəllənməsi üçün hakimiyyətin xüsusi plan üzərində işlədiyindən, saxta vergi problemi yaradaraq müxalifətin vahid namizədinin həbsinə hazırlıq görüldüyündən də danışılıb. Qeyd edək ki, bir sıra ekspertlər Rüstəm İbrahimbəyovla bağlı “vergidənyayınma tələsi”nin onun beynəlxalq dəstəyinə zərbə vurulması üçün nəzərdə tutulduğunu deyir. Bəllidir ki, vergidən yayınma Qərbdə qanun pozuntusu olmaqla yanaşı ictimaiyyətin çox ciddi qınağı ilə qarşılanan bir məsələdir. Bu məsələ ilə bağlı fikirlərini Almaniya diplomatları ilə bölüşən İbrahimbəyov heç bir maneəyə baxmayaraq Azərbaycana gəlmək və müxalifətin vahid namizədi kimi seçkiyə qatılmaq fikrində olduğunu deyib.
Onu da vurğulayaq ki, Almaniyada olarkən Rüstəm İbrahimbəyov Emin Millinin və Həbib Müntəzirin birgə layihəsi olan “Meydan TV” internet televiziyasının qonağı olub.
Rüstəm İbrahimbəyovun Almaniyadan sonra hansı ölkəni ziyarət edəcəyi haqda xəbərlər hələlik dəqiq deyil. Bəlli olan odur ki, Rüstəm İbrahimbəyov Milli Şuranın Avropanın bir neçə ölkəsində fəaliyyət göstərəcək təmsilçiliklərinin yaradılması prosesində iştirak edəcək və qurum üzvlərinə fəaliyyət istiqamətləri ilə bağlı təlimatlar verəcək. Milli Şura sədrinin Brüsseldə nüfuzlu Avropa qurumlarının nümayəndələri ilə görüşəcəyi, ardınca Ankaraya gedəcəyi, oradan Tiflisdə bir sıra görüşlər keçirəcəyi, iyulun 31-də isə Azərbaycana gələcəyi gözlənilir. Digər bir qaynaq isə Rüstəm İbrahimbəyovun Avropa turnesindən sonra Moskvaya qayıdacağını bildirir. İddialara görə, Milli Şura sədrinin iyulun son günlərində Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb.
Bu arada Azərbaycanda Rüstəm İbrahimbəyovun vətənə dönüşdə həbs ediləcəyi ilə bağlı xəbərlər çoxalıb. Hakimiyyətə yaxın qaynaqlar günlərdir həm qəzetlərdə, həm də internet resurslarında bu xəbəri tirajlayır. Baş Prokurorluğun məsələ ilə bağlı susqunluq göstərməsi isə birmənalı qarşılanmır. Adının çəkilməsini istənməyən informasiyalı qaynaqlar iddia edir ki, hələlik rəsmi Bakı bu məsələni ehtiyat variant kimi gündəmdə saxlayır. Daha dəqiqi, bu məsələ gündəmdə olsa və hazırlıq işləri davam etdirilsə də, hələlik dəqiq qərar yoxdur.
Milli Şura isə seçkiyə hazırlıq prosesinin ən önəmli mərhələlərindən birinə qədəm qoyub. Müxalifətin böyük birliyi seçki qərargahının formalaşdırılması ilə bağlı fəaliyyətini genişləndirir. İyulun 24-də Milli Şuranın üç qurumu - İcra Aparatının, qurumun vahid namizədinin Seçki Qərargahının Planlaşdırma və Təşkilat Şöbələri, Milli Şuranın Mitinq Komitəsinin birgə yığıncaq keçirib.
Toplantıda demokratik qüvvələrin vahid namizədinin irəli sürülməsi üçün təşəbbüs qrupunun yaradılması və yerlərdə seçici təşəbbüs qruplarının formalaşdırılması, regionlar üzrə Seçki Qərargahının koordinatorlarının müəyyən edilməsi məsələləri müzakirə olunub. Milli Şura üzvləri eyni zamanda vahid namizədin qeydə alınması üçün imza toplayacaq qrupların yaradılması, qrup üzvlərinə treninqlər keçirilməsi ilə bağlı da qərar qəbul edib.
Toplantıda əsas müzakirə mövzularından biri də Milli Şuranın Mitinq Komitəsinin tərkibinin tam formalaşdırılması olub. Yada salaq ki, Mitinq Komitəsinin yaradılması haqda qərar qurumun son sessiyasında qəbul edilib. Qurum üzvləri Mitinq Komitəsində mitinqlərin təşkili məsələsində təcrübəsi olan aparıcı müxalifət partiyaları üzvlərinin təmsilçiliyi məsələsində razılıq əldə edilib. Yığıncaq zamanı Milli Şuranın növbəti sessiyasında gündəliyə çıxarılacaq konkret təkliflər hazırlanıb.
Onu da vurğulayaq ki, Milli Şuranın növbəti sessiyası Rüstəm İbrahimbəyov Bakıya gələndən sonra, yəni avqustun ilk gülərində baş tuta bilər. Bu haqda Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov açıqlama verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?