“Gürcüstan öz ərazisində Azərbaycana ziyan vuracaq heç bir hadisəyə yardım etməməlidir”. Bu bəyanatla bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. O, Azərbaycan müxalifətçilərinin öz ölkəsinin paytaxtı Tiflisdə keçirilən görüşünü şərh edərkən belə deyib.
“Gürcüstan demokratik ölkədir, burada hər cür siyasi fəallıq göstərmək olar. Lakin hamımız bilirik ki, Tiflisə gələn adamların konkret qrupu Rusiyanın Azərbaycan siyasətinə yeridib göndərdiyi şəxslərdir. Bu qrup yalnız sabitliyi pozmaq üçündür” - deyə Saakaşvili bildirib.
Gürcüstan prezidenti deyib ki, sabit Azərbaycan elə sabit Gürcüsatn deməkdir: “Gürcüstanın hakimiyyət orqanları Azərbaycana münasibətdə çox ehtiyatlı olmalıdırlar. Son aylar ona artıq ziyan vurmağa da macal tapıblar. Azərbaycanla münasibətlərə yüksək qiymət vermək və dəyərləndirmək gərəkdir. Gürcüstan heç bir halda Azərbaycana qarşı manipulyasiyaların baş verdiyi məkana çevrilməməlidir”.
M.Saakaşvilinin bu bəyanatı çox maraqlı mətləblərə işıq salır. Xatırladaq ki, Gürcüstan prezidenti hələ bir neçə ay əvvəl Azərbaycanda səfərdə olarkən azərbaycanlı həmkarı İlham Əliyevi Azərbaycanda hərbi çevriliş təhlükəsi barədə məlumatlandırmışdı. Əlbəttə ki, Saakaşvilinin bununla açıq-aydın Rusiyaya eyham etdiyinə heç bir şübhə yoxdur. Gürcüstan prezidenti özünün bugünkü bəyanatı ilə həmin fikirlərini faktiki olaraq inkişaf etdirib. O, Azərbaycan müxalifətçilərinin birləşdiyi Milli Şuranın Tiflis toplantısını “Azərbaycana qarşı yönəlmiş manipulyasiya” adlandırıb. Saakaşvilinin sözlərinə görə, Kreml Azərbaycan müxalifəti vasitəsilə rəsmi Bakıya faktiki olaraq güclü təzyiq göstərməyə çalışır. Onun bəyanatından çıxan nəticə budur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?