Ermənilər Azərbaycanın tarixi torpağı olan Şuşa şəhərinin işğalının 27-ci ili şərəfinə mərasim təşkil edib.
Gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, mərasimdə Ermənistanın baş naziri Nikol Paşinyan, işğalda rol oynamış sabiq prezident Serj Sərkisyan və bir çox rəsmilər iştirak edib. Paşinyan əvvəlcə işğal şərəfinə şərab içib, daha sonra isə Azərbaycan şəhərində Azərbaycan xalq mahnısını oynayan ermənilərə qoşulub. Onun “Yallı” rəqsinin sədaları altında oynamasını bütün erməni mediası və sosial şəbəkə istifadəçiləri yayıblar. Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurub. Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirib: “Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”. Politoloq, sabiq diplomat Fikrət Sadıxov Publika.az-a açıqlamasında bildirib ki, Paşinyanın bu addımı Azərbaycana qarşı real təxribatdır: “Danışıqlar prosesi davam edir, Minsk qrupu formatı mövcuddur. Ermənistan rəsmiləri isə işğal olunmuş torpaqlara gedib Azərbaycan şəhərlərini necə işğal etməklərinin yollarından danışırlar. Bu, faktiki olaraq, beynəlxalq hüququn tapdalanmasıdır. Danışıqlar prosesinə əsl zərbədir. Mən təəccüb edirəm ki, bu məsələ ilə bağlı hələ də susqunluq davam edir. Minsk qrupunun həmsədrləri heç bir reaksiya vermir”.
Politoloqun fikrincə, Paşinyan və Sərkisyanın Qarabağa son səfərinin fərdi səbəblərinin olduğu aydın məsələdir: “Hazırda hakimiyyətdə olan şəxs Qarabağa səfər edir ki, öz reytinqini qaldırsın. Çünki artıq bir ildən sonra Ermənistanda məlum oldu ki, Nikol Paşinyanın hakimiyyətə gəlməyi heç bir nəticə doğrumadı. Gözləntilər puça çıxdı. Digər tərəfdən, keçmiş hakimiyyətin nümayəndəsi, yəni Serj Sərkisyan isə səfər edir ki, öz reytinqini yeniləsin. Ermənistana qayıdıb siyasi fəaliyyətlə məşğul olsun. O, siyasətə qayıdacağını açıqlamışdı. Amma bütün hallarda, səbəblərdən asılı olmayaraq, bu səfər danışıqlar prosesinə tutarlı zərbədir. Biz bu məsələ ilə bağlı daha ciddi addımlar atmalıyıq. Bu haqda həm Minsk qrupunun həmsədrlərindən mövqe tələb etməliyik. Həm digər beynəlxalq strukturlara bu barədə tutarlı məlumat verməliyik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?