Azərbaycan Prezidenti İlham Əliyev Minskdə keçiriləcək II Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Səfərin hazırlanmasının detalları Belarus xarici işlər nazirinin müavini Andrey Dapkunas və Azərbaycanın Minskdəki səfiri Latif Qəndilov arasında iyunun 3-də keçirilən görüşdə müzakirə olunub.
Gundemxeber.Az bildirir ki, bu barədə Belarusun xarici siyasət idarəsi məlumat yayıb.
İki ölkənin diplomatları beynəlxalq təşkilatlarda, həmçinin BMT sistemi çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələlərini də müzakirə ediblər.
Bundan əlavə, tərəflər iki MDB ölkəsinin Qoşulmama Hərəkatı (QH) çərçivəsində, o cümlədən bu ilin oktyabrında Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək QH sammiti kontekstində, qarşılıqlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, II Avropa Oyunları Avropa Olimpiya komitələrinin himayəsi altında 21-30 iyun tarixlərində Minskdə keçiriləcək. 15 idman növü üzrə keçiriləcək yarışlara 50 ölkədən 4 mindən çox idmançı qatılacaq.
Onu da qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?