“Azərbaycanda seçkilərin saxtalaşdıralacağını hamı bilir”
Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri prosesini beynəlxalq təşkilatlar yaxından izləyir. Onlardan biri də nüfuzlu “Human Rights House” insan haqları təşkilatıdır. Bir müddət əvvəl bu təşkilatın Azərbaycandakı ofisi bağlansa da qurum fəaliyyətini davam etdirir.
Azadlıq Radiosu şəbəkənin Cenevrə Bürosunun rəhbəri, bu yaxınlarda Bakıdan qayıtmış Florian İrminqerlə seçkilər mövzusunda söhbət edib.
İrminqer seçkiqabağı ab-havanın onları ciddi narahat elədiyini deyib: “Əslində biz seçki prosesini lazım olduğu qaydada izləmirik. Bununla belə, biz müstəqil müşahidəçilərə yaradılan şəraitdən narahatıq. Söhbət ilk növbədə jurnalistlərdən, insan haqları fəallarından gedir. Biz indinin özündə görürük ki, bu adamlar təhdidlərə məruz qalırlar. Məsələn, Xədicə İsmayılovaya qarşı şantaj kampaniyasına yenidən start verilib. Bu bir növ indidən verilən xəbərdarlıqdır. ”Yəni biz bu gün belə ediriksə, görün, sabah nə edə bilərik".
Qurum təmsilçisi ATƏT-in Parlament Assambleyasına etimadın çox aşağı olduğunu deyib: "Biz hələ dəqiqliklə bilmirik ki, Avropa Parlamenti Azərbaycana müşahidəçi göndərəcək, yoxsa yox. Əgər göndərməyəcəksə, bu qərarın da hansı şəraitdə qəbul olunduğunu bilmirik. Adətən seçki keçirilən ölkə onları dəvət edəndə müşahidəçilər gəlirlər. Biz bunun baş verib-vermədiyini də bilmirik. Amma bunu demək mümkündür ki, əgər Avropa Parlamenti, ATƏT, Avropa Şurası və ya BMT hökumətin yaratdığı şəraitdən razıdırlarsa, belə bir vəziyyət məqbul sayıla bilməz. Bu seçkidə ümid onadır ki, hazırkı prezidentə Rüstəm İbrahimbəyovun simasında güclü rəqib ola bilər".
Hakimiyyətin artıq indidən özünü qalib kimi aparmasına toxunan İrminqer deyib: “Mən bir qədər əvvəl Azərbaycanda olmuşam və diplomatlarla söhbət etmişəm. Kimdən soruşsanız prezidentin kim olacağını bilir. Başqa ölkələrdə adamlar kimin qalib gəldiyini seçkinin ertəsi günü bilirlər. Azərbaycanda kimin prezident olacağının indidən bilinməsi o deməkdir ki, hamı seçkilərin saxtalaşdırılacağını bilir. Digər tərəfdən, Avropa İttifaqının keçmiş rəhbəri qarşıdan gələn seçkilərdə hazırkı prezidentin yaxşı imkanlara malik olduğunu bəyan edirsə, bu artıq müəyyən mənada nəticələri sanksiyalaşdırmış olur. Eyni zamanda indiyədək Azərbaycandakı etiraz aksiyaları aşırı zorla dağıdılıb. Hətta ötən bazar keçirilən etiraz aksiyasına da hökumət müdaxilə edib. Əgər sən sərbəst toplaşa bimirsənsə, seçkilərdə necə normal iştirak edə bilərsən?
Seçkidə namizəd olmaq xalqa cavab vermək deməkdir. Bu cavabları isə azad mətbuat qeydə alır. Əgər azad mətbuat yoxdursa, onda necə olsun? Azərbaycanda ən çox narahatlıq doğuran da məhz bu məsələlərdir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?