Üç paytaxt, üç qonşu işğalçıya qarşı birləşdi; Azərbaycan, Türkiyə və Gürcüstan istənilən an Ermənistana “xilas kəməri” ata bilər, əgər...
Dekabrın 23-də Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının - Elmar Məmmədyarov, David Zakaliani və Mövlud Çavuşoğlu arasında növbəti, 8-ci zirvə görüşü keçirilib. Tiflisdə reallaşan görüşün yekununa dair birgə bəyannamə qəbul edilib. Budəfəki görüş işğalçı Ermənistana münasibətdə bir neçə prinsipial özəllikləri ilə fərqlənib.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən birgə mətbuat konfransında bir məqama xüsusi toxunub. Nazir deyib: “Bizim əsas çətinliyimiz regionda həll edilməmiş münaqişələrdir və bu münaqişələr ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”. Daha sonra o əlavə edib ki, üçtərəfli görüş çərçivəsində imzalanan birgə bəyanata Azərbaycan tam təhlükəsizliklə bağlı bölmə əlavə edilməsini təklif edib və bu təklif qəbul olunub.
Bəyanatın Qarabağla bağlı həmin hissəsinə diqqət edək: “Hər üç ölkə bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəklərini bir daha təsdiq etdilər. Bu xüsusda regionda mövcud münaqişələrin sülh, təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa zərbə vurduğunu, beləliklə, status-kvonun qəbuledilməz olduğunu və davamlı olmadığını və münaqişələrin gecikmədən sülh yolu ilə həll edilməsini tələb etdiyini vurğuladılar. Gürcüstanın Abxaziya və Tsixinvali/Cənubi Osetiya və Azərbaycan Respublikasının Dağlıq-Qarabağ bölgəsi və ətraf rayonlarında konfliktin dayanıqlı sülh yolu ilə beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə də suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həllinin mühüm əhəmiyyətini bir daha vurğuladılar; qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini qeyd etdilər; terrorizmin, zorakı ekstremizmin və separatizmin bütün növlərinə və təzahürlərinə... qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiq olduqlarını bir daha ifadə etdilər”.
*****
Göründüyü kimi, Ermənistanın dörd qonşusundan üçü (!) aydın şəkildə və rəsmi səviyyədə ona növbəti ortaq mesaj yollayıb. Lakin bu dəfə daha konkret, açıq mətnlə. Hər üç paytaxt bəyan edir ki, regionda separatçılığa, işğalçılığa yer yoxdur və bu təzahürlərə qarşı birgə mübarizə aparacaq. Hər üç paytaxt ilk növbədə Ermənistanı nəzərdə tutaraq sərt siyasi iradə ortaya qoyur və bildirir ki, İrəvan boşuna vaxt itirib illüziyalara qapılmasın, regiondakı münaqişələrin həlli, o sırada Dağlıq Qarabağ ixtilafının nizamlanması müstəsna olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır.
Yeri gəlmişkən, eyni mövqeni az öncə Bakı səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ortaya qoymuş, bununla da Ermənistanda dərin məyusluq və narahatlıq yaratmışdı. Daha öncə isə Ermənistanda eyni təlaş Qoşulmamaq Hərəkatına üzv dövlətlərin və hökumət başçılarının Bakı Bəyannaməsi ilə bağlı yaşanmışdı. Çünki bu kimi bəyanat və prinsipial mövqe İrəvanın Qarabağ separatçıları üçün “öz müqəddəratını təyinetmə” hüququ almaq planları ilə daban-dabana ziddiyyət təşkil edir.
Ancaq konkret halda söhbət üç əsas qonşu ölkədən gedir. Onlardan ikisi - Azərbaycan və Türkiyə məhz işğal faktına görə Ermənistanı blokada vəziyyətində saxlayır. Qonşu Gürcüstan isə sərhədi bağlamasa da, Azərbaycan və Türkiyə ilə ildən-ilə dərinləşən strateji əlaqələri, o sırada milli təhlükəsizlik və energetik maraqları nəzərə alaraq, Ermənistana qarşı ehtiyatlı siyasət aparır. Təcavüzkar ölkə üçün xüsusən də qış mövsümündə olduqca vacib olan Abxaziya dəmir yolu da İrəvanın silsilə səylərinə baxmayaraq, bağlı qalmaqdadır. Eyni zamanda Ermənistan bəyannamədən də göründüyü kimi, bütün iri regional layihələrdən kənarda saxlanmaqdadır.
Bunu da qeyd edək ki, regiondakı münaqişələrin həllində son olaraq bölgə ölkələrinin də rəyi ciddiyə alınacaq. Məsələn, Qarabağ probleminin nizamlanması üçün vaxtaşırı uğursuz Minsk Qrupunun yerinə Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistandan ibarət “altılıq” formatı təklif olunur...
*****
Rəsmi Bakının Qarabağla bağlı mövqeyi isə dəyişməz qalır. Bunu son olaraq, Azərbaycan prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bir daha bəyan edib. Sitat: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə, - Ermənistan həmişə buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik”.
Və nida işarəsi. Odur ki, Ermənistan rəhbərliyi illüziya ilə yaşamağa son qoyub, nəhayət, öz xalqına gerçəyi başa salsa, onu mifik yox, ədalətli sülhə hazırlasa, bu, ən əvvəl elə blokada vəziyyətində erməni xalqının xeyrinə olar. Azərbaycan, Türkiyə və Gürcüstan Ermənistana istənilən vaxt “xilas kəməri” ata bilər. Bir şərtlə. Onu hamı bilir...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?