Milli Şuranın fəal üzvlərindən olan “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev keçmiş müavini Əflan İbrahimovla telefon danışığının mətbuatda yayılmasına reaksiya verib. Modern.az-a açıqlama verən E.Quliyev “El”dən ayrılan Əflan İbrahimovla danışığında sensasiyalı heç nə olmadığını bildirib. E.Quliyev Əflan İbrahimovun ona qarşı çirkin oyun oynadığını deyib:
“Mən başa düşə bilmirəm ki, burada sensasion danışıq nədən ibarətdir. Mən yenidən həmən danışığı təkrar edə bilərəm.
Biz “El” hərəkatı, Ziyalılar Birliyi olaraq, şəxsən Eldəniz Quliyev olaraq heç vaxt, heç yerdə Azərbaycanda iğtişaşın, qarşıdurmanın tərəfdarı olduğumuzu iddia etməmişik. Bizim ən prioritet mövqeyimiz sabitlik, əmin-amanlıqdır. Biz o qədər sadəlövh deyilik ki, Yaxın Şərqdə baş verən hadisələri görməyək. Bizim ən böyük istəyimiz də bu olub ki, Azərbaycan cəmiyyəti bunlardan uzaq olsun.
Əflan İbrahimov dünən mənimlə olan telefon danışığını bir redaksiyada yayıbsa, bu adamın bütün varlığı bəlli oldu ki, kimdir. Bu insanın məqsədi demokratik hərəkata zərbə vurmaq imiş. Mən onu yaxşı adam kimi tanıyırdım. Fəallığı ilə seçilirdi. Hətta o özü bizi radikal addımlar atmağa sövq eləməyə çalışırdı. Bu da belə çıxdı. İnsanların daxilini bilmək olmur”-deyə E.Quliyev məsələyə aydınlıq gətirib. E.Quliyev həmçinin Əflan İbrahimovla bağlı araşdırma apardığını, onun Müasir Müsavat Partiyasının (MMP) sədr müavini olduğunu iddia edib:
“Məndə olan məlumata görə,Əflan İbrahimov Hafiz Hacıyevin müavini imiş. Məsələnin necə quraşdırıldı ad aydın olur. Hər şey quramadır”.
Qeyd edək ki, “El” hərəkatından ayrılan Əflan İbrahimov keçmiş “silahdaşlarını” Azərbaycanda iğtişaşlar törətməyə cəhddə ittiham edib. O, həmçinin virtualaz.org saytının redaksiyasına gedərək Eldəniz Quliyevlə telefon danışığının audiolentini həmin KİV-ə təqdim edi.
Məsələyə Baş Prokurorluq da qarışıb və araşdırmalara başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?