“Azərbaycan nüvə təhlükəsizliyinin qorunmasına və daha da gücləndirilməsinə böyük əhəmiyyət verir. Xüsusilə, bölgədəki radikal ekstremizm və terrorizm təhlükəsi qarşısında və coğrafi vəziyyətimizə görə, ərazimizin qanunsuz nüvə ticarəti üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınmasına böyük əhəmiyyət veririk”.
XİN-dən verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanda “Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Konfrans: səylərin davam etdirilməsi və gücləndirilməsi” konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində beynəlxalq standartlara uyğun möhkəm qanunvericilik bazası ilə hərtərəfli milli ixrac nəzarəti sistemini işləyib hazırlayıb.
“Ancaq ərazimizin iyirmi faizinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən sərhədlərimizin əhəmiyyətli bir hissəsi boyunca lazımi nəzarəti təmin edə bilmirik. Bu vəziyyət qanunsuz fəaliyyət, o cümlədən nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır”, – deyə E. Məmmədyarov qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycan beynəlxalq təşkilatlar və tərəfdaşlarla regionda və dünyada nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi və nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsi nəticəsində yaranan təhdidlərin azaldılması istiqamətində əməkdaşlığı davam etdirmək əzmindədir və bu məsələdə AEBA-nın əməkdaşlığına və dəstəyinə arxalanır: “Dünyanın nüvə təhlükəsizliyinin təşviqində bu konfransın əhəmiyyətini vurğulayaraq, Azərbaycan “Nüvə Təhlükəsizliyi: səylərin davam etdirilməsi və gücləndirilməsi” üzrə Beynəlxalq Konfransın Nazirlər Bəyannaməsini dəstəkləyir”.
Sorğu
Yeni dizaynımız necədir?