“Apardığım mübarizə Rəsulzadə-Elçibəy yoludur. Bu, kifayət qədər milli taleyimizlə bağlı olan bir yoldur. Əxlaqlı bir siyasətdir və milli maraqlarımıza uyğun bir siyasətdir”, - Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənli “Obyektiv” televiziyasına (www.obyektiv.tv) müsahibəsində bildirib.
Onun fikrincə, Rəsulzadə-Elçibəy yolu milli müstəqillik, demokratiya, xalqın firavanlığı, müstəqilliyin xalqın ruhuna hopması, ərazilərin bütövlüyü, Azərbaycanın suverenliyi yoludur.
C.Həsənli demokratik qüvvələrin qələbə çalacağına əmindir: “Gediləcək bir yol var. Hər bir namizəd seçkiyə qatılanda, əlbəttə, qələbə qazanmaq ümidi ilə qatılır. Bununla bərabər, nə dərəcə bu qələbənin reallığını təmin etmək mümkündür? Onu seçki prosesi göstərəcək”.
O, seçkiqabağı mühiti ədalətli hesab etmir. Qanunvericilik üzrə seçki təbliğatı başlamasa da namizədlərdən biri dövlətin resurslarından öz xeyrinə istifadə edir. “Buna əmək haqlarının seçki dövründə artırılmasını da aid etmək olar. Baxmayaraq ki, biz əmək haqlarının artırılmasının əleyhinə deyilik. Azərbaycan xalqı daha layiqli, daha normal bir həyat haqqına malikdir. Amma bununla bərabər seçkiyə start verildikdən sonra namizədlərdən birinin dövlətin resurslarından istifadə etməsi seçki qanunvericiliyinə ziddir. Eyni zamanda, dövlətin nəzarətində olan televiziyalardan, adı reklam qoyulmasa da, - namizədlərdən birinin, yəni hakimiyyətin namizədinin təbliğatı gedir”, - o qeyd edib.
C.Həsənli seçki təbliğatı üçün ayrılmış vaxt müddətini də ədalətsiz sayır.
”Respublikada 80 dən çox rayon var. Amma bütün bu rayonları əhatə etmək üçün cəmi 21 gün vaxt verilib. Bu, hətta fiziki cəhətdən mümkün deyil. Bunu yalnız təbliğata ehtiyacı olmayan, xalqın səsinə marağı olmayan bir hakimiyyət edə bilər”, - o bildirib.
O, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsini mümkün sayır: “Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi tamamilə mümkündür. Mən, əlbəttə, onu çağırıram. Ümid edirəm gələcək”.
Milli Şuranın yeni vahid namizədi iqtidarın Qarabağ problemi ilə bağlı apardığı siyasəti, eyni zamanda xarici siyasət kursunu kəskin tənqid edib.
Minsk Qrupunun həmsədrlik institutu tərəqqiyə nail olmayıbsa BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizminin hazırlanması məsələsi Təhlükəsizlik Şurası qarşısında qaldırılmalıdır.
“Qarabağ məsələsinin ədalətli həllini vacib hesab edirəm. Belə ki, Qarabağ bir vaxtlar, məsələn 10 il əvvəl, ictimai fikirdə ön yerləri tuturdusa indi heç 10-cu yeri də tutmur. Yəni, hakimiyyətin yeritdiyi siyasət şou-biznesdir və televiziyaların həddən artıq yüngül dəyərlər üzərində qurulmuş proqramları xalqımızı Qarabağ dərdindən uzaqlaşdırdı. Bu, Azərbaycan xalqının maraqlarına uyğun deyil və mən ərazi bütövlüyünün təmin edilməsi, sosial rifah, ədalətli bir cəmiyyətin qurulmasını, Azərbaycanın müstəqilliyindən onun təbii zənginliklərindən hər kəsin faydalanması siyasətini vacib hesab edirəm”, - C.Həsənli vurğulayıb.
C. Həsənli ilk növbədə sosial sahəyə diqqət yetirmək istəyir:
“Azərbaycan xalqının yaşam haqqı bundan daha yüksək səviyyəyə layiqdir. Bu günlər Azərbaycanda böyük neft gəlirləri olmasına baxmayaraq, əhalinin geniş dairəsi çox aşağı səviyyədə yaşayır. Əmək haqları, pensiyalar, məvaciblər həddindən artıq aşağı səviyyədədir. Azərbaycanın imkanları ilə uyğun deyil. Neft gəlirləri olmayan ölkələrdə belə həyat səviyyəsi bir sıra əlamətlərinə görə Azərbaycandan üstün təsir bağışlayır. Ona görə də mən ilk növbədə Azərbaycan xalqını daha layiqli, layiq olduğu bir həyat tərzinə sahib olmasını vacib hesab edirəm”.
Onun fikrincə, Azərbaycanın bütün xarici siyasəti işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində qurulmalıdır: “Əgər bir dövlətin ərazisi işğal altındadırsa xarici siyasətin ayrı hədəfi ola bilməz. Ona görə də Azərbaycanın bütün siyasət resursları işğal altında olan ərazilərin azad edilməsinə yönəldilməlidir. İyirmi ildə 20 metr torpaq azad edilməyib”.
Prezidentliyə namizəd Avropaya və NATO-ya inteqrasiyanın vacib sayır.
O, avqustun 24-dən sonra izləndiyini bildirib. “Evim, yaşadığım evin həyəti, görüşlərim naməlum mülki geyimli şəxslər tərəfindən izlənir. Hətta bir dəfə sahibi olmayan evin balkonundan üzərimə maye atdılar. Lakin atılan maye yan keçdi”, - o qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?