Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovun London səfərinə qatılmaqdan imtina edib. AzNews.az-ın məlumatına görə, dünənə qədər verdiyi açıqlamalarda sentyabrın 12-də Londona səfər edəcəyini və orada C.Həsənli və E.Namazovla birlikdə bir sıra görüşlərdə iştirak edəcəyini bildirən R.İbrahimbəyov növbəti dəfə sözünə əməl etməyib.
MŞ sədrinin London səfərinə qatılmaqdan imtina etməsinin səbəblərini öyrənmək üçün onunla əlaqə saxladıq. İbrahimbəyov AzNews.az-a açıqlamasında bildirdi ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün İngiltərə paytaxtına getməyib: “Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim. Getməyəcəyəm”.
Qeyd edək ki, MŞ rəsmiləri də London səfəri barədə verdikləri açıqlamalarda bildirirdilər ki, R.İbrahimbəyov sentyabrın 12-də Moskvadan birbaşa Londona gedəcək və C.Həsənliylə oradakı görüşlərdə iştirak edəcək. Ancaq məlum oldu ki, R.İbrahimbəyov Milli Şuranın yaranmasından bəri verdiyi bütün vədlər kimi bu vədinə də xilaf çıxdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?