“Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
“İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. Amma elə bil ki, bu itkilər kiməsə sərf edir. Çünki itkilər olan yerdə uçot olmur. Nəyi istəyirsənsə, itkilərə silmək olar. Ona görə ayrıca bir proqramın içində xüsusi bir istiqamət olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin azaldılması hansı templə gedəcək, hansı ildə hansı səviyyəyə düşəcək və əgər düşməyəcəksə, buna məsuliyyət daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır. Yoxsa ildən-ilə mən bunu eşidirəm - itkilər, itkilər. Yaxşı, itkilər var, amma bunun qarşısını almağın yolu da var. Bu illər ərzində məgər bu yolu tapmaq mümkün deyildi?! Deməli, kimsə maraqlıdır ki, bu itkilər olsun. Hər kəs nəticə çıxarsın.
Dağ çaylarının sularının yığılması ilə bağlı təkliflər səsləndi. Mən bunu dəstəkləyirəm. Artıq bizim dağ çaylarımızda mövcud olan resursların geniş təhlili aparılıb. Ona görə sututarların, kiçik su anbarlarının tikilməsi və dağ çaylarının bizim əsas su xətlərinə birləşdirilməsi məsələlərinə də mütləq baxılmalıdır. Hesab edirəm ki, biz bu işi qısa müddət ərzində görə bilərik. Yenə də çox işlək bir nəzarət mexanizmi olmalıdır”-deyə, Dövlət başçısı bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?