1988-ci ildən başlayan və Azərbaycan torpaqlarının 20 faizinin itirilməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi bu günə kimi öz müsbət həllini tapa bilməyib. Konfliktin nizamlanması ilə bağlı formaca müxtəlif həll variantları təklif edilsə də, görünən budur ki, bunların heç birinin məzmununda tam olaraq Azərbaycanın dövlət maraqlarını və ərazi bütövlüyünü müdafiə edən müddəalar öz əksini tapmayıb. Azərbaycan siyasi düşərgəsində problemin çözümü ilə bağlı müxtəlif mövqelər sərgilənsə də, əsas hədəf dövlətimizin ərazi bütövlüyü çərçivəsində Qarabağ münaqişəsinin həllinə nail olmaqdan ibarətdir. Ancaq bəzi detallarda fikir ayrılıqları mövcuddur.
Modern.az saytı siyasi müstəvidəki müəyyən incə məqamları nəzərə alıb, Qarabağ sorununun tənzimlənməsi ilə bağlı prezidentliyə namizədlərin mövqelərini öyrənib.
Ümid Partiyası Qarabağın həlli üçün “Cənubi Qafqaz Birliyi”ni təklif edir
Ümid Partiyasının Qarabağ münaqişəsinin həlli ilə bağlı “Cənubi Qafqaz Birliyi” adlı konsepsiyası mövcuddur və seçki təbliğatı zamanı müddəalar seçicilərə də çatdırılacaq. Bu barədə partiyanın namizədi, millət vəkili İqbal Ağazadənin seçki qərargahının rəhbəri Taleh Əliyev məlumat verib. Onun sözlərinə görə bu birlik Avropa İttifaqı modelini özündə ehtiva edir. “Qarabağ münaqişəsi bölgəyə demokratiya gətirilməsi ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu bizim seçki platformamızda da var”-deyən partiya rəsmisi bildirib ki, namizədlərin pulsuz efir vaxtı zamanı da cəmiyyətə bu haqda ətraflı məlumat veriləcək. Kiçik bir araşdırma apararaq Ümid Partiyasının Cənubi Qafqaz modeli ilə bağlı məlumatlar əldə etmişik. Bu ideyaya görə, Cənubi Qafqaz dövlətləri iqtisadi və siyasi əlaqələrinin dərinləşdirməlidir.
Fərəc Quliyev və BAXCP müharibə təklif edir
Prezidentliyə namizəd, millət vəkili Qüdrət Həsənquluyevin sədri olduğu BAXCP-nin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli vurğulayıb ki, partiyanın Qarabağla bağlı mövqeyi birmənalı olub. “Azərbaycanda peşəkar ordu qurulması təşəbbüsü ilə çıxış etmişik. Azərbaycanda silah-sursat və hərbi texnika ilə silahlandırılmış peşəkar bir ordu qurulmalıdır. Azərbaycan torpaqları hərb yolu ilə azad edilməlidir. Danışıqlar üçünsə konkret müddət verilməlidir. Bu vaxt ərzində Ermənistan işğalçılıq siyasətindən əl çəkməzsə, o zaman hərbi əməliyyatlara başlanacaq”-deyə E. Mirzəbəyli qeyd edib.
Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi, millət vəkili Fərəc Quliyev də əslində BAXCP-nin mövqeyindən fərqlənməyən bir açıqlama verib. O söyləyib ki, seçki kampaniyası zamanı Qarabağla bağlı partiyanın mövqeyini əks etdirən bukletlər də seçicilərə paylanılıb. F. Quliyev vurğulayıb ki, münaqişənin həlli ilə əlaqədar danışıqlar variantını mümkünsüz hesab edir. “Amma beynəlxalq təsisatlar danışıqlar yolunu təkid edirlərsə, o zaman vaxt verilməlidir. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə heç bir nəticə əldə olunmayacaq. Ermənistanla da danışıqların heç bir mənası yoxdur. BMT özünün qəbul etdiyi 4 qətnamənin həyata keçməsi ilə bağlı icra mexanizmləri yaratmalıdır. Bu mümkün olmazsa, mütləq hərbi yolla itirilmiş ərazilərimiz geri qaytarılmalıdır”.
Cəmil Həsənli: “Problemin həllinin əvvəldən prezidentin üzərinə qoyulması yanlış mövqedir”
Milli Şura da Qarabağın yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bu barədə suallarımızı cavablandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlini sözlərinə görə problemin həllinin əvvəldən prezidentin üzərinə qoyulması yanlış mövqe olub. “Bununla da digər strukturlar problemin müzakirə və həllindən uzaqlaşdırıldı”.
Araz Əlizadə “Vətən müharibəsi”nə başlamağa çağırır
ASDP sədri Araz Əlizadə isə qeyd edib ki, 1991-ci ildən bu günə kimi Qarabağ barədə onun mövqeyi dəyişməyib. Solçuluq ideyalarını daşıyan partiyanın namizədi yalnız “Vətən müharibəsi” modelini məqbul hesab edir. “Peşəkar ordu yaradılmalıdır. 18-20 yaşlı gənclər, 25 yaşdan yuxarı kişilər orduya cəlb olunmalıdır”-deyə A.Əlizadə bildirib.
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müharibə variantı və siyasi danışıqlar yolu Qarabağ probleminin həll edilməsi yanlışdır. “Ən ədalətli variant hüquqi həllə söykənir. Hüquqi müstəvidə və beynəlxalq hüquqa uyğun olaraq Qarabağ problemi həll olunmalıdır. Siyasi danışıqlar yolu ilə yalnız Qarabağı itirə bilərik”, – deyə S. Cəlaloğlu vurğulayıb.
Hafiz Hacıyev: “Qarabağı azad etmək üçün oranı darmadağın edib turp əkəcəm!”
Müasir Müsavat Partiyası isə Qarabağ barədə daha sərt və müharibə əhval-ruhiyyəli mövqeyə malikdir. Partiyanın prezidentliyə namizədi Hafiz Hacıyev seçki platformasının Qarabağla bağlı hissəsində beynəlxalq təşkilatları təhdid edən mesajlar verməyi də unutmayıb. “Mən prezident seçilsəm, 1 ay ərzində Qarabağ məsələsini həll edəndən sonra Azərbaycanın paytaxtını Xankəndi elan edəcəyəm. Özüm də orda oturub Qarabağın Azərbaycan torpağı olmasını bütün dünyaya sübut edəcəyəm. Danışıqlar müddəti isə çox az olacaq, cəmi bir ay! Bu vaxt ərzində beynəlxalq təşkilatlarla danışıq aparacağıq. ATƏT-in səyləri isə heç bir nəticə vermir. Lazım gəlsə, mən Qarabağı azad etmək üçün oranı darmadağın edib turp əkəcəm! Onun kimə nə dəxli var? Qarabağ bizimdir və axıra qədər onun uğrunda vuruşacağıq. Ordumuzu bir az da gücləndirib, müasir silahlarla təchiz edib Qarabağı bir ay müddətinə azad edə bilərik. Xalq məni seçsə, bir aya işğal olunmuş torpaqlarımızı düşmən işğalından qurtarıb, prezident iqamətgahını da Xankəndinə köçürəcəm”-deyə H.Hacıyev yenə öz ampluasında danışıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?